Doktorantura səviyyəsində təhsil almaq istəyənlər üçün qəbul prosesi yenidən müzakirə mövzusu olub. 2026-cı ildə keçirilən imtahanların nəticələri isə məsələni daha da aktuallaşdırıb.
Xarici dil üzrə namizədlərin 37%-i, fəlsəfə doktoru imtahanında isə iddiaçıların təxminən 71%-i minimum tələbi ödəyə bilməyib.
Tələbələr bildirirlər ki, imtahanların yenidən keçirilməsi və bununla bağlı məlumatın gec verilməsi haqsızlıqdır. Onlar 500-600 manat arası pul ödəyərək dil imtahanına girirlər. Amma həmin nəticələr DİM tərəfindən qəbul olunmur.
Deputat Ceyhun Məmmədov da hesab edir ki, beynəlxalq sertifikat sahiblərinin yenidən yoxlanılması düzgün yanaşma deyil:
"Siz IELTS sertifikatı ilə dünyanın istənilən ölkəsində universitetə qəbul ola bilirsiniz. Həmin sertifikatı alan gənclərin təkrar imtahana cəlb olunması düzgün qərar deyil. Əlavə yoxlama yalnız istisna hallarda tələb oluna bilər".
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, 2026-2027-ci tədris ili üzrə doktoranturaya qəbul üçün dil sertifikatı təqdim edən 162 namizədin sənədləri təsdiqlənib və həmin şəxslər xarici dil imtahanından azad ediliblər. 11 namizədin sertifikatı isə müxtəlif səbəblərdən təsdiqlənməyib.
DİM-in Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə vurğulayıb ki, namizədlərlə keçirilən əlavə görüşlər yeni imtahan məqsədi daşımayıb. Əsas məqsəd təqdim olunan sertifikatların həqiqiliyini və sertifikatda göstərilən nəticə ilə namizədin nümayiş etdirdiyi dil biliyi arasında uyğunluğu müəyyənləşdirmək olub.