"Təbii fəlakət nəticəsində qırılan ağacların yerində mütləq yeniləri əkiləcək".
Oxu.Az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov aprelin 15-16-da güclü yağışdan sonra yaranan mövcud vəziyyəti şərh edərkən deyib.
O bildirib ki, yaşıllıq sahələri artacaq:
"Bakı yarımsəhra və çöl iqlim zonasında yerləşir və burada çox güclü küləklər müşahidə olunur. Bu şərait ağaclar üçün heç də münbit deyil. Əlbəttə, ağaclar da hər bir canlı orqanizm kimi müəyyən bir həyat dövrünə malikdir və mövcud iqlim şəraitini, eləcə də baş verən təbii fəlakətləri nəzərə alsaq, ağacların aşması çox vaxt qaçılmaz olur. Lakin mən əminəm ki, təbii fəlakət nəticəsində qırılan ağacların yerində mütləq yeniləri əkiləcək və yaşıl ərazilərimizin sahələri dəfələrlə artacaq. Çünki bu, ulu öndər Heydər Əliyevin baxışlarına əsaslanan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzunmüddətli ekoloji siyasətdir".
Aygün Mirakif