Cinayətkarlarla mübarizədə yeni üsuldan - elektroşokdan istifadə edilə biləcək. Yeni üsulun tədqiqinə keçməzdən əvvəl nəyi bilməliyik? Onun insanların səhhətinə mənfi təsiri ola bilərmi?
Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, Milli Məclisin iclasında “Polis haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarıldı. Diqqət çəkən məqamlardan biri gələcəkdə polis işçilərinə elektroşokdan istifadə etməsinə imkan verən bəndin olması idi.
Yeni qəbul olunan bu layihə qısa zamanda əks-səda doğurdu desək yanılmarıq. Düzdür, ilk baxışdan elektroşokun cinayətkarların və ya şübhəli şəxslərin tutulmasında istifadə edilməsi yenilik deyil. Dünyanın bir sıra ölkələrində bu vasitəyə müraciət edilir. Amma məsələ bundadır ki, elektroşoklar bizim cəmiyyət, o cümlədən polis əməkdaşları üçün yenidir. İndi qarşıda duran əsas məsələ onların bu vasitələrdən düzgün istifadə etməyi bacarmalarıdır.
Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, bir neçə demokratik sivil dövlətlərdə bu var, qoy, bizdə də olsun:
“Bundan istifadə edərkən səlahiyyət çərçivəsini aşmaq, hakimiyyət səlahiyyətlərindən sui-istifadə etmək, qanuna düzgün əməl olunacaqmı? Bu artıq 3-cü konteksdən yanaşmadır”.
Məsələnin digər tərəfi elektroşokların insan səhhətinə olan təsiridir. Araşdırmalar göstərir ki, bu vasitələr bəzi insanların sağlamlığına mənfi təsir göstərir. Əsasən sinir sistemini zədələyir və insanın iflic olması ilə nəticələnə bilir.
“Bu, öldürücü silahlar kimi getmir, amma ürəyi zəif olan insanlara bu tətbiq olunsa o, ölə bilər” – deyə həkim İbrahim Əsədli bildirib.
Milli Məclisdə irəli sürülən qanuna dəyişiklikdə elektroşok vasitələrini gəzdirmək, saxlamaq və istifadə etmək məsələləri ilə DİN-in məşğul olacağı və nazirliyin nəzdində xüsusi bir qurumun yaradılacağı bildirilir. Qanun layihəsində bu vasitələrin kimlərə tətbiq olunacağı da göstərilir. İnsanın həyat və sağlamlığı üçün təhlükə yarandıqda, şübhəli şəxsin saxlanılması və tutulmasında, kütləvi iğtişaşlarda, həbs olunanları müşayiət etdikdə polis əməkdaşlarının elektroşokdan istifadə etməsinə icazə veriləcəyi qeyd olunur. Ortaya bir sual çıxır. Şübhəli olan şəxsin günahı sübuta yetirilməsə və ona bəraət verilsə necə? Güc strukturları şübhələndikləri şəxsə qarşı fiziki təzyiq göstərərlərsə və sonrdan bu şübhələri özünü doğrultmazsa, həmin şəxs hansı addımları ata bilər.
“Azərbaycan vətəndaşlarının hər birinin hüquq və azadlıqları Konstitusiya ilə qorunur və insanların toxunulmamazlıq hüququ var. Bugünkü qüvvədə olan qanunvericilik imkan verəcək ki, gələcəkdə belə hallar baş verərsə vətəndaşlar polis əməkdaşlarına qarşı xüsusi iddia ilə çıxış edə bilər və ona dəyən maddi və mənəvi zərərə görə kompensasiya ala bilər” – deyə millət vəkili Çingiz Qənizadə vurğulayıb.
Mütəxəssislər elektroşokdan istifadə edəcək olan polis zabitlərini ilk növbədə bu vasitələr haqqında məlumatlandırmağı və mütəmadi olaraq onlara məşğələlərin keçirilməsini vacib sayır. Ümid edək ki, bu qanun qüvvəyə mindikdən sonra polis əməkdaşları bu vasitədən düzgün istifadə edəcək. Bunu isə artıq zaman göstərəcək.
E.Ə.
www.oxu.az