Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəsmi saytına erməni hakerləri tərəfindən bu gün saat 09.30-da hücum olunub.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətindən verilən məlumata görə, bu müdaxilə saytda bütün yüklənmiş məlumatların (cəmiyyətin siyasəti, hüquqi bazası, razılaşmaları, sərhədyanı bölmələrdə olan fəaliyyətlər) silinməsi və tam yox olması ilə nəticələnib.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti yaranmış vəziyyətdən narahat olduğu halda səhifənin bərpa olunması üzərində təcili olaraq işləyir. AzQAC Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq şöbəsi ilə əlaqə saxlayıb, bu problemin aradan qaldırılması üçün köməklik edilməsini xahiş edib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssislərinin köməkliyi ilə problem aradan qaldırılıb. Hazırda sayt fəaliyyətini bərpa edib.
Bu, bir daha sübut edir ki, erməni tərəfi humanitar dəyərlərə məhəl qoymur və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına qarşı hörmətsizlik edir. Humanitar fəaliyyətlə məşğul olan bir təşkilatın rəsmi saytına hücum etmək bunu deməyə əsas verir.