Ermənistana keçən Qətibə Ələkbərovanın anası Kübra Ələkbərova qızının ruhu xəstə olduğunu təsdiqləyib.
Oxu.Az azvision.az-a istinadən xəbər verir ki, anasının bildirdiyinə görə, Q.Ələkbərova bundan öncə də bir neçə dəfə itkin düşüb.
"Qızım ruhi xəstədir. Dövlət tərəfindən ona pulsuz dərmanlar verilirdi. Qətibə hər gün dərman atmasa, yaşaya bilməz. Dərmanlar onun əsəblərini sakitləşdirir, yoxsa dəli olar.
Neçə gün idi, Qətibəni axtarırdıq, onun Ermənistana keçməsini qonşulardan eşitdik. Qızım sərhədi necə keçib, hansı yolla gedib, deyə bilmərəm. Qətibə bundan öncə heç kimə xəbər vermədən Bakıya qaçmışdı. Sonuncu dəfə bacısı ilə yatırmış. Birdən gecə saat dörddə oyanıb və həyətə düşüb. Ondan sonra qızımdan xəbər ala bilmədik. Eşitdik ki, Ermənistan tərəfə keçib.
Qızıma görə çox narahatam...Xahiş edirəm, dövlət qurumları qızımın qaytarılması üçün bizə kömək etsinlər", - deyə Kübra Ələkbərova vurğulayıb.
09:36
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlar və dövlət qurumları ilə birlikdə apardığı araşdırma nəticəsində 7 iyun 2016-cı il tarixdə Ermənistan Respublikasına keçdiyi bildirilən Azərbaycan vətəndaşının şəxsiyyəti müəyyənləşdirilib.
Komissiyadan Oxu.Az-a verilən məlumata görə, həmin qadın Gədəbəy rayonu, Arabacı kənd sakini, 1977-ci il təvəllüdlü Ələkbərova Qətibə İbrahim qızıdır.
Araşdırma nəticəsində Ələkbərova Qətibə İbrahim qızının Qazax rayonlararası ruhi xəstəxanasında dispanser qeydiyyatında olduğu müəyyənləşib.
Hazırda Dövlət Komissiyası tərəfindən Ələkbərova Qətibə İbrahim qızının azad edilməsi istiqamətində tədbirlər görülür.
Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.