Bakı qəsəbələrində mütəmadi olaraq, abadlıq işləri aparılır. Aparılan işlər çərçivəsində Balaxanıda, Nardaranda və digər Bakı qəsəbələrində olan tarixi abidələr, memarlıq nümunələri də restavrasiya olunaraq qorunur.

Bu gün Balaxanıda aşkarlanan mədəniyyət nümunələrinə, tarixi abidələrə, kiçik bir səyahət edəcəyik.
Balaxanıda Şirvanşahlar dövründən qalan yadigarlar torpağın tozlu qatından çıxarılaraq dünyaya təqdim olunub.

Abadlıq işlərindən sonra qısa müddətdə Azərbaycanı dünyaya tanıdan, turistlərin diqqətini çəkən Balaxanı qəsəbəsindəyik. Divarların gözəlliyi, təsvir edilən rəsmlərlə yanaşı, küçələrə verilən adlar da diqqət çəkir. Belə ki, bu gün 2 əsas küçə - Səfəvilər və Dirçəliş küçələri adlandırılıb.
Qədimiliyi qorumaq üçün çox gözəl üslub seçilib. Yollar yenilənsə də, tarixiliyi qorunub saxlanıb. Bəzən insan özünü bir anlıq İçərişəhərdə gəzirmiş kimi hiss edir.
Qəsəbəyə girişdən onu deyim ki, ağır tonnajlı yük maşınlarının qəsəbəyə daxil olması qadağandır. Buna səbəb görülən işlərin, salınan yolların qısa müddətdə sıradan çıxmaması, səliqə-sahmanın qorunub saxlanmasıdır. Çox maraqlıdır ki, bütün qəsəbə sakinləri də həmfikir olaraq eyni amala xidmət edir. Bu, çox gözəl nüansdır.

Həmsöhbətimiz kəndin ağsaqqalarından olan Fərhad Əzimovdur. Onu elə yaşadığı məhəllənin qarşısında salınan kiçik parkda istirahət edərkən gördük. Yaxınlaşıb söhbətə başlayırıq.

Əli ilə bir qədər irəlini göstərərək, Balaxanıda 19 tarixi hamamdan geri qalan Qum hamamını göstərir. Baxımsızlıqdan, diqqətsizlikdən digərləri dağılıb.
Hamamdan təxminən 50-60 metr aralıda XIV əsrdə, daha bir qədim tarixə malik tikili olan ovdan da var. Qəsəbənin ağsaqqallarının dediyinə görə, bu ovdanı o dövrdə Şirvanşah əmiri Xacə Zeynəddinin göstərişi ilə inşa edilib. Elə Fərhad dayı deyir ki, ovdanın üzərində əski əlifba ilə yazılmış yazı həkk olunub:


“Burada ovdan barədə fikir yazılıb, bəlkə də memarı barədə, inşa edildiyi il barədə, dəqiq bilinmir. Çünki baxımsızlıqdan yazının bir hissəsi ovulub, bir hissəsi isə yoxa çıxıb. Bir çox arxeoloqlar burada yazılan yazını oxumağa çalışsalar da, buna nail ola bilməyiblər. Ovdanın içərisinə düşmək üçün 40 pilləkən enməlisən. O pilləkənlərin quruluşu bu gün inşa edilənlərdən bir qədər hündürdür. Hündürlük səbəbindən ovdana düşüb-çıxmaq üçün dərin nəfəs almalısan. Aşağı düşdükcə nəfəs almaq çətinləşir. Ovdan mənbəyindən su götürmək üçün 40 pilləkəni üzü aşağı düşmək lazımdır.

Pilləkənlərin bir hissəsi dağılıb, ovdanın damı isə uça bilər. Kənd sakinləri onu qorumaq üçün çalışır”.
Ovdanın içərisinə düşməyin təhlükəli olduğunu desələr də, maraq bizə üstün gəldi. Həmin 40 pilləkəni aşağı düşdüm. Lay daşlardan yonulan pilləkənlərlə düz su mənbəyinə qədər düşmək olur. Amma gərək ehtiyatlı olasan, pilləkənlərin yarısı boşluqdadır.
Ovdanın çox az bir hissəsi torpağın üzərindədir. Demək olar ki, əsas hissəsi torpağın altında olduğundan içərisi çox sərin idi.
Mənbələrdə ovdan barədə məlumatlar paylaşılır. Orada qeyd olunur ki, tikilinin inşası zamanı memarlar müvafiq hesablamalarla quyunun damını elə düzəldiblər ki, Günəş şüası düz suyun üzərinə düşürmüş. Günəş olmadığından əyani surətdə bu məqamı görə bilmədik, amma kənd camaatı bunun doğru olduğunu deyir.

Fərhad dayı deyir ki, Ovdan 1920-ci ilə qədər əhali tərəfindən istifadə edilib:
“Əvvəl elə bilirdilər ki, irəlidəki Qum hamamının suyu bu ovdandan götürülür. Lakin sonra məlum oldu ki, onun öz quyuları var imiş”.
Oturduğumuz yerdən təxminən 300 metr aralıda Balaxanı qəbiristanlığıdır. Diqqətimi qəbiristanlığın üstündəki iki məscid - Hacı Şəhla və Hacı Şakir məscidləri çəkdi.

Fərhad dayı deyir ki, bəzən Şəhlanı xanım adı bilib təəccüb edirlər:

“Hacı Şəhla kişi olub. Adları oxşardır deyə böyük ehtimalla qohum olublar. Həmin məscid Balaxanının ən hündür nöqtəsindədir. Qəbiristanlıq isə vaxtilə Hacı Şəhla məscidinin cənubunda, bu gün 69 saylı məktəbin olduğu hissəyə yaxın ərazidə olub. Qəbiristanlığın həmin məscidə yaxın hissəsində XII əsrə aid qəbirlər var. Sandıq şəkilli həmin qəbirlərə qəbiristanlığın digər hissələrində rast gəlinmir.

O vaxt bəylər silahlarını təmizləyərkən, silah paslanmasın deyə burada atəş açarmışlar. Ağsaqqallar bu məscid divarının nişangah kimi istifadə edildiyini də deyir.

O vaxt təxminən 1940-cı illərdə Balaxanı qəbiristanlığını köçürmək istəyiblər, lakin Birinci sosialist əməyi qəhrəmanı olan Pirməhəmməd adlı şəxs bu prosesin qarşısını alıb. Burada “O olmasın, bu olsun” tamaşasında Məşədi İbadın hambalı obrazına canlandıran Əhməd Əhmədovun da məzarı var”.



Məzarların arxasında gülab, paltar maşını, təbabət və s. işarələri olan başdaşılar var idi. Qəribəsi odur ki, o vaxt kim hansı peşənin sahibi olurdusa, dəfn olunanda onların məzar daşlarına həmin peşənin simvolik işarələri həkk olunardı. Bu adət bu gün də bəzi ailələr tərəfindən davam etdirilir.

Maraqlı məqamlardan biri də Böyükşor gölü ilə bağlıdır. Əslində adı Qoşanohur olub və ortadan gediş-gəliş üçün yol olub. Fərhad dayı deyir ki, o vaxt böyükləri danışırdı ki, göldən o vaxt duz çıxarırlarmış:

“Su şor olduğundan insanlar sonradan ona Böyükşor gölü deməyə başlayıblar. Lakin Balaxanı camaatı onu elə Qoşanohur kimi tanıyır. Tarixi böyükdür, bu ərazilərin qədimliyi qorunmalıdır”.
Həmsöhbətimiz deyir ki, bu kənddə 80 yaşını keçmiş 13 nəfər yaşayır:

“Mənim 70 yaşım var. Amma kənddə məndən də yaşlı insanlar var. Onların sağlam uzun ömür yaşamalarının səbəbi istirahətlərinə zaman ayırmalarıdır”.
Dayı ilə vidalaşıb geri dönürük. Onu da qeyd edim ki, bu kənddə doğulmuş bir çox ziyalı şəxslər zaman-zaman hakimiyyətdə müəyyən məsul vəzifələrdə çalışıblar.


Yolumuzun üstündə Balaxanıda neft maqnatı Məşədi Muxarın yaşadığı evə də rast gəldik. Sakinlər deyir ki, bu ev onun şəxsli mülkü olub, 1916-cı ildə inşa edilən bina bu gün hər kəs tərəfindən qorunur. Onunla yanaşı İkinci Dünya müharibəsi zamanı Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə ilə Yuqoslaviyada bir yerdə partizanlıq etmiş “Qarabala” ləqəbli Partizan Məmməd də buradakı evlərdən birində yaşayıb.

Kəndi maraqlı edən cəhətlərdən biri də Mirzə Ələkbər Sabirin o dövrdə Balaxanıdakı məktəblərdən birində dərs deməsidir.

Turistik məkana çevrilən Balaxanıda fotoqrafımızın kameranın yaddaşına köçürdüyü fotoları sizə təqdim edirik:









Könül Cəfərli
FOTO: Rəşad Mehdiyev