"Euronews" telekanalı ölkəmizin paytaxtı Bakıda mayın 26-27-də baş tutmuş "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" beynəlxalq elmi konfransa həsr olunmuş videosüjet hazırlayıb.
Oxu.Az xəbər verir ki, süjetdə konfransın dünyada mövcud olan islamofobiya tendensiyasına həsr olunduğu qeyd olunur.
Telekanalın məlumatına görə, tədbir dinlərarası dialoqun inkişafına, əməkdaşlığın gücləndirilməsinə və qlobal fəaliyyətlərin aktivləşdirilməsinə, o cümlədən islamofobiyanın təzahürlərini izləmək üçün yeni rəqəmsal platformanın yaradılmasına töhfə verib.
"Euronews" Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərini sitat gətirib:
"İrqçilik, ayrı-seçkilik və nifrətə əsaslanan islamofobiyanın yeni formaları meydana çıxır. Sosial şəbəkələr və bəzi KİV buna böyük töhfə verir. Təəssüf ki, dünyanın müxtəlif bölgələrində radikalizm və ekstremizmə doğru tendensiya, eləcə də mövcud böhranlar və münaqişələr də buna təsir göstərir".
Daha sonra süjetdə qeyd olunub ki, konfransda 120-dən çox xarici qonaq iştirak edib və onlar insan hüquqlarının qorunması, dözümlülük və sosial ədalətin təmin edilməsi üçün ümumi çağırışla bir araya gəliblər.