Paytaxtın Xətai rayonu, Sarayevo küçəsində yaşayan Dürrə Nuhuzadə ərazidəki elektrik xətlərinin qəzalı vəziyyətdə olmasından şikayətçidir.
Baku TV-nin məlumatına görə, küləkli və yağışlı hava şəraitində naqillər, elektrik dirəkləri və sayğaclar ciddi təhlükə yaradır. Maraqlıdır ki, qəzalı xətlər "Azərişıq" ASC-yə məxsus yarımstansiyanın yaxınlığında yerləşir. Ətrafda yaşayış evləri və müxtəlif obyektlərin olması, həmçinin uşaqların mütəmadi olaraq həmin ərazidə oynaması təhlükəni daha da artırır.
Ərazidə 20 ildir yaşadığını deyən Dürrə Nuhuzadə bildirir ki, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, təhlükəli vəziyyət aradan qaldırılmayıb:
"Naqillərin hamısı açıq vəziyyətdədir. Küləkli havada dirəklər aşır, yağış yağanda isə sayğaca toxunduqda elektrik vurur. Burada uşaqlar oynayır, hər an faciə baş verə bilər. Bir neçə gün əvvəl iki gün işıqsız qaldıq. Dəfələrlə qaynar xəttə zəng etdikdən sonra bir əməkdaş gəldi. Lakin o, "üstüm çirklənər" deyərək problemi həll etməkdən imtina etdi və naqilləri bərpa etmək üçün məndən pul tələb etdi. İki övladımla tək yaşayıram və buna imkanım yoxdur. Pul vermədiyim üçün əməkdaş ərazidən uzaqlaşdı, biz isə işıqsız qaldıq".