Oxu.Az “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Fərid Sadıxlı ilə müsahibəni təqdim edir.
- Təşkilatın yaradılmasında əsas hədəflər və məqsədlər hansılardır?
- Təşkilatın yaranması mən də daxil olmaqla “ASAN xidmət” mərkəzinin məzun olmuş bir qrup könüllüsü ilə birlikdə mövcud əlaqələrimizin kəsilməsini istəmədiyimizdən irəli gəlib. Daha sonra bu istəklə fərdi inkişaf, eləcə də cəmiyyətə töhfə vermək kimi məqsədləri olan Təşəbbüs qrupu yaradıldı və beləliklə, 2013-cü ilin dekabr ayında “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi rəsmi olaraq qeydiyyatdan keçdi.
Bildirmək istərdim ki, bu günə qədər Təşkilat tərəfindən keçirilmiş layihələrdən 2000-ə yaxın gənc faydalanıb. Keçirilmiş layihələr arasında xüsusilə vurğulamaq istədiyim isə Təşkilatın ilk Beynəlxalq layihəsi olan “Gəncə’14 Avropa Gənclər Parlamenti Azərbaycan nümayəndəliyinin ilk Beynəlxalq Forumu”dur. Forumda 13 ölkədən 70 gənc iştirak edib.
Qeyd edim ki, artıq bir ildir ki, Təşkilat gənclərin fərdi inkişafına şərait yaratmaqla dövlətimizin bu günü və gələcəyi haqqında düşünən, cəmiyyətə daha faydalı gənc vətəndaşlar qazandırmaq missiyası ilə çalışır.
Bizim strateji baxışımız, əsas istəyimiz isə yüksək vətənpərvərlik hisslərinə, geniş dünyagörüşünə malik, bilikli, özünə güvənən, sosial cəhətdən aktiv və məsuliyyətli gəncliyin yetişdirilməsidir.
- Bütün bu layihələri təşkil edən komanda üzvləri kimlərdir?
- Bu günədək keçirilmiş bütün layihələr 15 nəfərlik komanda tərəfindən hazırlanıb və həyata keçirilib. Onu da qeyd edim ki, Təşkilatın əsas işçi komandasının orta yaş həddi 20 yaş təşkil edir, yəni komandamız əslində çox gəncdir. Demək olar ki, hər birimiz müxtəlif ali təhsil ocaqlarında təhsil alırıq, bu da əlbəttə ki, bizim üçün həm dərs, həm də gündəlik işimizi həyata keçirməkdə müəyyən çətinliklər yaradır. Amma əminliklə deyə bilərəm ki, bu faktorun nə işimizə, nə də cəmiyyətə verdiyimiz töhfəyə əngəllər yaratmasına icazə vermirik.
Əslində komanda haqqında danışırıqsa, artıq bir ildir bizim yanımızda olan, bizə hər zaman dəstək olan tərəfdaşlarımız da qeyd olunmalıdır. Təşkilat bu müddət ərzində 6 rəsmi olmaqla 14 təşkilat və dövlət qurumu ilə əməkdaşlıq qurub. Düşünürəm ki, onların sırasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, həmin orqanların rəhbərliyi və əməkdaşları xüsusilə qeyd olunmalıdır.
Onu da qeyd edim ki, ölkəmizdə fəaliyyət göstərən digər təşkilatlar da könüllülük hərəkatının təbliğinə öz müsbət töhfələrini verirlər. Ümumiyyətlə, hal-hazırda bu fəaliyyətə maraq həddindən artıq böyükdür və bu da bizi çox sevindirir!
- Təşkilatın əsas fəaliyyət istiqamətləri hansılar olacaq?
- Təşkilatın bir neçə əsas fəaliyyət istiqamətini qeyd etmək istərdim ki, bunlardan ilki və ən mühümü gənclərdə vətənpərvərlik və dövlətçilik ruhunun yüksəldilməsidir.
Nəzərinizə çatdırım ki, fəaliyyətə başladığımız ilk gündən etibarən dövlət əhəmiyyəti daşıyan bütün xüsusi günlər “ASAN xidmət” mərkəzlərini və ya bütün Respublikanı əhatə edən layihələr, yürüşlər, aksiyalar şəklində keçirilir. Bizim üçün sevindirici haldır ki, bu kimi aksiyalarımız həmişə kütləvi iştirakçı axını və geniş ictimaiyyət marağı ilə qarşılanır.
Onu da qeyd edim ki, gənclərdə dövlətçilik və vətənpərvərlik ənənələrinin qorunub saxlanılması və bu sahədə müxtəlif dəyərlərin qazandırılması istiqamətində yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan təlim və layihələr toplusu hazırlanıb. Hal-hazırda bunlardan yalnız biri haqqında məlumat vermək istərdim ki, bu da tariximizin təbliğinin daha innovativ və daha geniş kütləyə təqdim olunması üçün yaradılacaq tarix portalıdır. Portal bir neçə dildə fəaliyyət göstərəcək ki, bu da onun beynəlxalq arenaya çıxarılması hədəfini reallaşdırmaq üçün bir vasitə olacaqdır.
Digər fəaliyyət istiqamətimiz isə “ASAN xidmət” mərkəzlərinin cari və məzun könüllüləri arasında əlaqələrin gücləndirilməsidir. Bu günə qədər çalışmışıq və gələcəkdə də daim çalışacağıq ki, könüllülər yalnız Dövlət Agentliyinin təklif etdiyi “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyəti ilə kifayətlənməsinlər. Yaratdığımız imkanlardan yararlanaraq özlərini müxtəlif aspektlərdən, dil bilikləri, müxtəlif bacarıqlar, tənqidi təfəkkür baxımdan onlara təklif etdiyimiz layihələr və təlimlər vasitəsilə inkişaf etdirsinlər.
Fəaliyyət istiqamətlərimizdən bir digəri isə könüllülüyün ölkəmizdə daha geniş təbliğidir. Onu da qeyd edim ki, hal-hazırda könüllülərimizin ümumi sayı 3000 nəfərə yaxındır. Lakin, biz bu rəqəmlə kifayətlənmək istəmirik və sıralarımıza daha çox gəncin qatılmasını qarşımıza hədəf qoymuşuq. Bu məqsədlə “Könüllülər yurdu – Azərbaycan” layihəsini hazırlamışıq. Layihə Gənclər Fondunun maliyyə dəstəyi ilə qarşıdan gələn bir il ərzində həyata keçiriləcəkdir.
Layihənin əsas məqsədi regionlarımızda, xüsusi ilə yeni yaranmış və “ASAN xidmət” mərkəzlərinin gələcəkdə fəaliyyət göstərməsi nəzərdə tutulan rayon və şəhərlərdə könüllülük fəaliyyətinin təbliğidir. Layihə çərçivəsində könüllülüyün gənclər üçün yaratdığı imkanlar, onun müsbət cəhətləri region gənclərinə aşılanacaqdır. Sözügedən layihənin gələcək dövr üçün bütün Respublikanı əhatə etməsi planlaşdırılır.
Regionlarda keçirilməsi nəzərdə tutulan layihələrdən biri də gənclərə nəzəri biliklər qazandırmaqdan çox onların praktik cəhətdən inkişafına yönəlmiş və ilk mərhələsi Bakı şəhərində uğurla reallaşdırılan və gənclərin yüksək marağına səbəb olmuş “ASAN Akademiya” layihəsidir.
Onu qeyd edim ki, Azərbaycan dünyada könüllülük hərəkatı ilə fərqlənən ölkələrdən biridir. Bu səbəbdən, Azərbaycanın bu sahədə qazandığı uğurları digər ölkələrdə təbliğ etmək, eləcə də müxtəlif təcrübələri öz ölkəmizdə tətbiq etmək məqsədi ilə Təşkilatın beynəlxalq müstəviyə çıxarılmasını planlaşdırırıq. Bu məqsədlə ilk növbədə qonşu ölkələrdə könüllü təşkilatları ilə əlaqə yaradılması və daha sonra bu əlaqələrin əməkdaşlığa çevrilməsi planlaşdırılır.
- ASAN könüllülərinin gələcəkdə hansı layihələrə cəlb olunması nəzərdə tutulur? Könüllülərin Bakıda keçiriləcək ilk Avropa Oyunlarında əsas rolu nədən ibarət olacaq?
- Bu günə qədər ASAN könüllüləri bir sıra böyük layihələrə, tədbirlərə cəlb edilmişdir. Azərbaycan Avtomobil Federasiyası tərəfindən keçirilən “V1 Challenge Azerbaijan” yarışmasına və Dövlət Agentliyi tərəfindən keçirilən “İnsan hüquqları və qabaqcıl idarəçilik kontekstində dövlət xidmətlərinin göstərilməsi üzrə Beynəlxalq Konfrans”ına könüllülərimizin cəlb olunmasını misal göstərə bilərəm. Eləcə də Bakıda keçiriləcək Avropa Oyunlarına Təşkilatın artıq 500-dən çox könüllüsü cəlb olunmuşdur. Ehtiyac olduğu təqdirdə bu rəqəmin dəfələrlə artması mümkündür.
- Məzun olmuş ASAN könüllüləri ilə bağlı hansı işlər aparılır?
- Yuxarıda da qeyd etdiyim kimi, məzun könüllülərin “ASAN xidmət” mərkəzlərində 2 aylıq könüllük müddəti ilə kifayətlənməsi bizi qane etmir. Bu məqsədlə onların Təşkilata bağlılığının artırılması və fəaliyyətimizin tərkib hissəsi olmalarını stimullaşdıracaq silsilə layihələr hazırlanmışdır ki, onlardan biri ASAN Könüllülərinin sosial şəbəkəsidir. Həmin sosial şəbəkədən bütün könüllülər qeydiyyatdan keçərək Təşkilatın fəaliyyəti, nəzərdə tutulan layihələr və onlarda iştirak kimi istənilən məlumatı əldə edə biləcəklər.
Xatırladım ki, 16 dekabr 2014-cü il tarixində Sabirabad rayonunda “ASAN Könüllülərinin I Ümümrespublika Forumu” keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumda açılış nitqi ilə çıxış edərək könüllülüyün nə qədər nəcib və eyni zamanda ölkə üçün əhəmiyyətli fəaliyyət olduğunu vurğulayıb. Forum zamanı məzun könüllülərin fikir mübadiləsi aparmaları, eləcə də öz ideyalarını bölüşmələri məqsədilə Təşkilatın yeni konsepsiyası olan Könüllülər Parlamenti ictimaiyyətə təqdim olunub.
Eyni zamanda, Forumda hər bir “ASAN xidmət” mərkəzinin könüllü komandası Təşkilatın gələcək fəaliyyətində görmək istədiyi layihələri, ideyaları Dövlət Agentliyinin sədri cənab İnam Kərimova və Təşkilatın sədri kimi mənə qətnamə şəklində təqdim etmək şansı qazanmışdır. Bununla da biz Dövlət Agentliyi və Könüllülər, eləcə də Təşkilat və Könüllülər münasibətini yeni müstəviyə çıxarmışıq. Könüllülər Parlamentinin fəaliyyətinin gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulub.
- Təşkilatın gələcəkdə hansı layihələri olacaq və gələcək perspektivləri necə görürsünüz?
- Bundan əvvəl bir çox layihələrimiz haqqında danışdım. Amma buna əlavə olaraq, “I club” layihəsini xüsusilə qeyd etmək istərdim. Sözügedən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə pilot versiya kimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təşkil olunacaqdır.
Layihənin əsas məqsədi özünə güvənən, cəmiyyətin gündəlik məsələlərinə biganə qalmayan, innovativ fikirləri ilə problemlərin yeni həll yollarını tapa biləcək gəncliyin formalaşdırılmasıdır. Akademiya tələbələri universitet daxilində yerləşən “I Club”a yaxınlaşaraq öz innovativ ideyalarını bölüşüb təkmilləşdirərək onların həyata keçirilməsinə nail olacaqlar. Sevindirici haldır ki, gənclərimiz elm, texnika, səhiyyə sosial sahələrdə bir çox innovativ ideyalar ilə çıxış edir, müxtəlif olimpiadalarda iştirak edirlər. Layihənin əsas hədəfi “I Club” vasitəsi ilə yeni ideyaların aşkarlanması və həyata keçirilməsidir.