Yolumuz Füzuli şəhərinədir. Bura yaddaşımızda yeni tarixin başlanğıcı, ən ağır döyüşlərin getdiyi yerlərdən biri kimi qalıb. İndi isə qarşımızda yenidən qurulmuş, abad və burda yaşamağa başlayan yüzlərlə ailənin məskunlaşdığı şəhər var.
Oxu.Az xəbər verir ki, "Report"un əməkdaşı Füzuli şəhərində Hüseynovlar ailəsinin qonağı olub.
Anar Hüseynov və xanımı Arzu Hüseynova birlikdə Füzulidə çörək sexində çalışırlar.
A. Hüseynov deyir ki, Füzulini 1993-cü il martın 16-da tərk etmək məcburiyyətində qalıb:

"Uşaqlıq və məktəb illərim burada keçib. Məcburi köçkün düşdüyümüz günə qədər ömrümün ən xoşbəxt illəri burada olub. Füzulidə olduğumuz son gün 1993-cü ilin martın 16-ı, Novruz bayramı ərəfəsi idi. Nənəm sacın üstündə qorğa qovururdu. Həmin qorğa elə sacda qaldı və biz çıxıb getməli olduq. O dövrdə də xalq olaraq güclü idik. Amma silahımız və bizə əmr edəcək komandirimiz yox idi. 44 günlük müharibə dövründə isə nizami ordumuz və komandanımız güclü idi. Hamı bir yumruq oldu, ona görə də biz qalib gəldik. Mən demişdim ki, Füzulinin işğaldan azad edildiyi xəbərini kim desə, diz çöküb ayaqlarından öpəcəm. Füzuli işğaldan azad edildi, o xəbəri mənə anam verdi. İnanın mənə, hönkürüb ağladım və bu müjdəli xəbəri verdiyinə görə diz çöküb anamın ayaqlarından öpdüm".
Anar Hüseynovun həyat yoldaşı Arzu Hüseynova burada çox xoşbəxt hiss etdiyini bildirir:

"Mən əslən laçınlıyam, Füzulini ilk dəfə bura köçəndə gördüm. İndi elə bilirəm ki, elə burda doğulub, yaşamışam. Çörək sexində yoldaşımla birlikdə çalışırıq. Bakıda olanda un məmulatlarını evdə bişirirdim, mənə rahat deyildi, indi şükür, Füzulidə hər şəraitimiz var. Səhər durub işə gedirəm, gün haradan gəlib, hara gedir, bilmirəm. Bir də baxıram ki, axşam düşüb".
A. Hüseynov vurğulayır ki, Füzuliyə köçəndən sanki yenidən doğulub:
"30 il Bakı bizə qucaq açıb, amma orda qarajda yaşayırdıq, yağış başımıza damırdı, mən bura gəlib yağışın gözəlliyini görmüşəm, şəraitim var. İndi deyirəm, yağışdan gözəl nə var imiş… Çox şükür bu günlərə, burda qolum-qanadım açılıb. Heç bir yerdə görülməyib ki, az müddətdə bu cür sürətlə şəhər qurulsun, Azərbaycan bunu bacardı. Buna görə Ali Baş Komandanımız, Prezident İlham Əliyevə təşəkkür edir, vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzu edirəm".