Bu gün “Azercell Telekom” MMC-nin mütaliə sevərlər üçün təqdim etdiyi “Gənclər kitab oxuyur” layihəsinin təqdimatı baş tutdu.
Oxu.Az xəbər verir ki, təqdimat mərasimində layihədə qiraətçi qismində iştirak edən 11 nəfər gənc qonaqlara təqdim olundu.
“Azercell” şirkətinin Korporativ ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya layihənin məqsədi barədə danışdı:
“Əlinə kitab alıb otağın bir küncündə yerini rahatlayıb oxuyan insanların sayı get-gedə azalır. Yeni texnologiyalar, müasir cihazlar, ən əsası isə internet həyatımıza elə sürətlə daxil olub təməl salır ki, köhnə faydalı vərdişlərə artıq vaxt qalmır. Odur ki, kitabı yaşatmaq üçün onu müasir həyata uyğunlaşdırmalıyıq. Bu layihədə məqsədimiz onlayn kitab oxumağı təbliğ etmək, mütaliə mədəniyyətinə yeni çalar qatmaq və gənc azərbaycanlı yazarlara özlərini tanıtmağa kömək etməkdir. Bununla yanaşı, oxu günlərində şəhərimizin sakinləri və qonaqları xoş, asudə vaxtı keçirmək, həm tanınmış, həm də gənc yazarlarla görüşmək imkanı qazanacaqlar”.
Tədbirin qonağı Yazıçılar İttifaqının Yaradıcılıq üzrə katibi İlqar Fəhmi də layihə haqda öz arzu və fikirlərini bildirdi.
Xatırladaq ki, layihədə qiraətçi qismində iştirak edən gənclər müsabiqə yolu ilə seçiliblər. Belə ki, 18-29 yaşarası gənclər özləri haqqında qısa məlumat, foto və səs nümunələrini “Azercell”ə təqdim edərək müsabiqədə iştirak ediblər. Ən yaxşı qiraətçilər “Gənclər kitab oxuyur” layihəsi çərçivəsində publika qarşısında kitab oxumaq imkanı qazanıblar.
Məlumat üçün bildirək ki, “Azercell” abunəçiləri kitabları mobil cihaz üzərindən oxumaq üçün “Bookmate” tətbiqi yükləyə bilərlər. “Bookmate” xidmətinə qoşulmaqla siz kitabları mobil tətbiq daxilində öz kitabxananıza yükləyib oxuya bilərsiniz. Üstəlik, “Bookmate” üzərindən siz Azərbaycan, ingilis, rus, türk dillərində kitab oxuya bilərsiniz.
“Google Play” və ya “AppStore”dan mobil tətbiqi yükləyin və tətbiqdə mobil nömrənizi daxil edin, əvəzində sizə SMS vasitəsilə gələn unikal kodu təkrarən mobil tətbiq üzərindən daxil edin və istənilən kitabları oxuyun.
Aytən Sadıqzadə
Foto: İsmayıl Nur
www.oxu.az