Son günlər kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə azyaşlı qızın yüksək sürətlə at çapma bacarığı nümayiş etdirməsinə dair videogörüntülər paylaşılıb. Azərbaycan Respublikasının Atçılıq Federasiyası (ARAF) videodakı qızla maraqlanıb.
Videoda görüntülənən doqquz yaşlı Gülay və atası Fərzəliyev Vüsal Qəzənfər oğlu Federasiya prezidenti ilə görüşə dəvət olunublar.
Oxu.Az xəbər verir ki, bununla bağlı Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Ağdam rayonunun Ətyeməzli kəndindən olan məcburi köçkün, hazırda Sumqayıt şəhərində məskunlaşmış Gülay və atası ilə görüşüb.
Görüşdə Gülay at sürməyə dörd yaşından başladığını, atçılıq idmanına böyük maraq göstərdiyini deyib. O, gələcəkdə atçılıq idmanı ilə peşəkar səviyyədə məşğul olmağın ən böyük arzusu olduğunu bildirib.
Söhbət zamanı Gülayın atçılıq idmanına olan marağının ARAF tərəfindən tam dəstəklənəcəyi vurğulanaraq, at sürən zaman təhlükəsizlik qaydalarına riayət etməsinin vacibliyi ona izah olunub.
General-polkovnik Elçin Quliyev Gülayın atçılıq idmanı ilə məşğul olması üçün zəruri süvari ləvazimatları ilə təchiz edilməsi, ona məşq üçün tam şəraitin yaradılması, atası Vüsal Fərzəliyevin isə işə götürülməsi barədə tapşırıqlar verib.
General Gülaya arzusuna çatmağa kömək edəcək - VİDEO