Goranboy rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilir ki, iyulun 17-si, saat 12:00-da iki nəfər (biri kişi və digəri qadın cinsli olmaqla) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif növ bədən xəsarəti alan şəxslərin müalicəsi davam etdirilir. Əsmər Samir qızı Məmmədlinin səhhəti ağır, Alxan Samir oğlu Məmmədlinin vəziyyəti isə qənaətbəxşdir", - deyə məlumatda bildirilir.
Goranboy rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin və xəsarət alanların adları məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə zamanı iki nəfər hadisə yerində həyatını itirib, üç nəfər xəstəxanaya çatdırılıb.
"Avtomobili idarə edən 1992-ci il təvəllüdlü Abşeron rayon sakini Ayşən Məmmədli olub. Hadisə nəticəsində sərnişin qismində avtomobildə olan sürücünün anası, 1958-ci il təvəllüdlü Nəsibə Nağıyeva və sürücünün qızı, 2018-ci il təvəllüdlü Məmmədli Firuzə Samir qızı hadisə yerində həlak olublar.
Sürücünün özü və digər iki övladı - 2016-cı il təvəllüdlü Əsmər Samir qızı Məmmədli və 2021-ci il təvəllüdlü Alixan Samir oğlu Məmmədli xəstəxanaya çatdırılıblar.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək bir ailənin faciəsi ilə bitən sözügedən yol-nəqliyyat hadisəsindən düzgün nəticə çıxarmağı, yolda müəyyən olunmuş sürət həddini aşmamağı, kəskin manevrlər etməməyi, avtomobil idarə edərkən diqqəti yayındıran söhbətlərdən, davranışlardan çəkinməyi xahiş edir.
Unutmayaq ki, sükan arxasında ani diqqətsizlik bir ömür boyu bərpası mümkün olmayan itkilərə yol aça bilər", - deyə məlumatda bildirilir.


Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində ölənlər və xəsarət alanların olduğu bildirilib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.
Qeyd edilib ki, hadisə bu gün saat 11:50-də Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 309-cu kilometrliyində qeydə alınıb.
"Xanım sürücünün idarə etdiyi 77-HD-580 dövlət qeydiyyat nişanlı "Hyundai Santa Fe" markalı nəqliyyat vasitəsi Gəncə istiqamətində hərəkətdə olarkən aşıb. Avtomobildə dörd sərnişin olub. Hazırda sürücünün, eyni zamanda ölənlər və xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova