"Goranboy rayonu, Nizami kəndində baş verən hadisə nəzarətdə saxlanılır".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, Agentlik tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalar aparılır:
"Zərərçəkənlər ilkin izahatlarında bildiriblər ki, Gəncə şəhərində fəaliyyət göstərən "Eldarado" mağazasından konservləşdirilmiş balıq alıblar. Ötən gün günorta saatlarında kartof püresi ilə qəbul ediblər. Bir-neçə saat sonra özlərini narahat hiss ediblər. Gəncə şəhəri A.Səhhət adına xəstəxanaya müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Zərərçəkənlərin qəbul etdiyi qidalardan nümunələr götürülərək müayinə üçün laboratoriyaya təqdim edilib. Sınaq nəticələrinə əsasən hadisənin başvermə səbəbləri müəyyən ediləcək".
Goranboyda qidadan zəhərlənən üç nəfərin (qadın) durumu bəlli olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 29-da saat 18:20-də Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunan şəxslərə dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu təyin edilib.
Məlumatda qeyd olunub ki, pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib:
"Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".
Məhərrəm Əliyev