Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Güclü külək nə vaxt səngiyəcək? - AÇIQLAMA + YENİLƏNİB
Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.
Qurumdan bildirilib ki, aprelin 4-ü saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağmursuz keçib.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova isə bildirib ki, qərb küləyinin sürəti Naftalanda 32 m/s, Gəncədə 24 m/s, Ağdam, Tərtərdə 22 m/s, Bərdədə 20 m/s, Qobustan, Şəmkirdə 18 m/s, Kəlvəzdə 17 m/s, Xaçmazda 15 m/s, Bakıda və Abşeron yarımadasında arabir 38 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrə çatıb:
“Havanın temperaturu aprelin 3-də iqlim normasından 13.7 dərəcə yuxarı olub, maksimal temperatur Naxçıvan MR-da 24-30 dərəcə isti, dağlıq rayonlarda 25 dərəcəyədək isti, aran rayonlarında 31-36 dərəcə isti olub. Bakıda və Abşeron yarımadasında 24-27, Bakıda isə 30.1 dərəcə isti qeydə alınıb, lakin bu rekord göstərici deyil, çünki 2012-ci ildə Bakıda havanın maksimal temperaturu 31.5 dərəcəyədək yüksəlib”.
G.Məmmədovanın sözlərinə görə, aprelin 4-də ölkə ərazisində güclü şimal-qərb küləyi davam edəcək. Küləyin maksimal sürətinin bəzi yerlərdə arabir 33-38 m/s-dək çatacağı, 5-i səhər saatlarından zəifləyəcəyi, gündüz mülayim cənub küləyinin əsəcəyi gözlənilir.
10:28
“Bu gün səhər saatlarından ölkə ərazisində başlayan güclü şimal-qərb küləyi gün ərzində davam edəcək”.
Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O bildirib ki, sabah səhər saatlarından başlayaraq küləyin gücü tədricən mülayimləşəcək:
“Gündüz saatlarında mülayim cənub küləyinin əsəcəyi gözlənilir”.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 18-23 m/s, arabir 27-32 m/s, günün birinci yarısında bəzi ərazilərdə arabir 35-38 m/s-dək güclənəcəyi, rayonlarında isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarında arabir 35-38 m/s-dək güclənəcəyi gözlənilir.
İlhamə Əbülfət
Rəylər