Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Milli Məclisdə 2025-ci il üzrə məruzəsində hərbi qulluqçulara (müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla) tutduqları vəzifəyə, habelə hərbi rütbələrə görə ödənilən pul təminatının məbləğinin artırılmasını təklif edib.
Oxu.Az xəbər verir ki, bununla yanaşı, real vəziyyət, habelə mənzil kirayəsində qiymət artımı nəzərə alınaraq, hərbi qulluqçulara müvəqqəti mənzil kirayəsi üçün müəyyən edilmiş pul kompensasiyasının məbləğinin artırılması da təklif edilib.
Ombudsmanın ünvanına daxil olan müraciətlərin təhlilindən irəli gələrək, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə xidmətini bu və ya digər səbəblərdən başa vura bilməyən kadr zabitlərinə, dövlət tərəfindən onların təhsilinə çəkilən xərclərin müvafiq müddət üzrə hesablanaraq onlardan dövlət nəfinə geri ödənilməsi şərti ilə öz arzularına uyğun ehtiyata buraxılması qaydalarının işlənib hazırlanması da təkliflər sırasındadır.
Digər tərəfdən, Birinci Qarabağ müharibəsindən Vətən müharibəsinin başlanmasınadək olan müddətdə Respublikamızın ərazi bütövlüyü uğrunda baş vermiş döyüş əməliyyatlarında (2016-cı ilin aprel döyüşlərində, 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində və digər hərbi toqquşmalarda), həmçinin 2023-cü ildə keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin statusuna aydınlıq gətirilməsi ilə bağlı təklif də məruzədə yer alıb.
Mərahim Nəsib