İsrail və ABŞ-nin İranda həyata keçirdikləri və Fars körfəzindən neft və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükündə problemlərin yaranmasına gətirib çıxaran əməliyyatlar fonunda kömür qiymətləri artıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bloomberg" agentliyi məlumat verib.
Bildirilir ki, kömürün birja qiymətləri cəmi 24 saat ərzində 8.6 faiz artaraq, 2024-cü ilin dekabr ayından bəri ən yüksək səviyyəyə çatıb.
Belə ki, Avstraliyanın Nyukasl şəhərindən Asiya bazarı üçün etalon olan kömür tədarükü bir ton üçün 128.7 dollara yüksəlib. Avstraliyanın "Whitehaven Coal Ltd." və "New Hope Corp." kömür şirkətlərinin səhmləri beş faizdən çox artıb.
Alıcılar LNG tədarükündə mümkün uzunmüddətli fasilələrə hazırlaşırlar, çünki Qətərin Ras-Laffan şəhərindəki zavodun işi İranın dron hücumu səbəbindən 30 il ərzində ilk dəfə dayanıb. Müəssisə dünya üzrə LNG tədarükünün təxminən 20 faizini qarşılayır. Onun işinin nə zaman bərpa olunacağı ilə bağlı tarix açıqlanmır.