Əgər xəbər agentliklərinin dediklərinə inansaq bütün dünya 88 yaşlı, daha çox hersoginya Alba kimi tanınan, Mariya del Rosario Kaetana Alfonso Viktoriya Yevgeniya Fransiska Fits-Ceyms Stüart-i-Silvanın zamansız ölümündən kədərlənmişdi.
Amma mənə elə gəlir ki, onun varlığından, ölümünə qədər heç də çox adamın xəbəri yox idi.
Və həmişə olduğu kimi internet istifadəçiləri iki cəbhəyə bölündülər: bir cəbhə rəhmətlik aristokrat xanımın qeyri-standart xarici görünüşünü müzakirə etdi (yeri gəlmişkən özünü o dərəcəyə çatdırmaq üçün çox çalışmaq, həm də maliyyə lazımdır), ikinci cəbhə isə qadını müdafiə etməyə başlayaraq ağzı köpüklənə-köpüklənə onun ailə dəyərlərinə, insani keyfiyyətlərinə və geniş ruhundan danışırdılar.
Rəhmətlik hersoginya Albanın ruhuna toxunmayacayıq, çünki məncə məşhur aristokrat ailəsində anadan olan və 3 milyarddan artıq sərvətə malik olan adam üçün əliaçıqlıq göstərmək elə də çətin deyil.
Amma onun xarici görünüşünə dair metamorfozalar, xüsusilə də yerli şou-biznes nümayəndələrinin cavanlaşdırıcı üsullara yönəlməsi kontekstində mənə maraqlı gəldi.
Aydındır ki, heç kim qocalmaq istəmir. Özü də həmişə ümumi diqqət mərkəzində olmağa alışan müğənni, aktrisa və ya model üçün bu ümumiyyətlə, faciə ola bilər.
Heç kim özünə qulluq etmənin və istənilən yaşda gözəl görünmək istəyini qınamır. Amma özünü hersoginya Alba kimi absurd vəziyyətə çatdırmaq nəyə lazımdır?
Yeri gəlmişkən mən heç vaxt yerli qadınların gözəllik meyarı olan üzünün yarısı dodaqları ilə örtülmüş sarışın xanım obrazını anlamayacam. Axı bu stereotip haradan gəlib?
Bundan başqa bir dəfə tanışımın ad gününə getdiyimdə masa arxasında bir-birinə bacı kimi oxşayan sarı saçlı, şişirdilmiş dodaqlı, dördkünc uzadılmış dırnaqlı xanımlara təəccüblə baxırdım. Nəyə görə məhz bu sadalananlar baxımlı xanımın atributları hesab edilir, özü də yalnız bizdə deyil, eləcə də xaricdə, gəlin elə məşhur Adnan Oktarın “Kedicik”lərini götürək. Bu obraz TV və dəbli jurnallar tərəfindən yaxşıca tirajlanır. Maraqlıdır, axı hansı normal kişi bu süni “gözəlliyə” tamah salar. Mənə elə gəlir ki, böyüklər üçün olan plastik kuklalar daha cazibədardırlar.
Uzun müddət cavan qalmaq arzusu ilə qadınlar qısa bir zaman ərzində nəyi isə yığacağını, kəsəcəyini, böyüdəcəyini, şişirdəcəyini vəd edən şübhəli “mütəxəssislər”in caynağına düşürlər.
Belə eksperimentlərin nəticələri çox zaman bizə TV ekranlarından və ya dəbli jurnal səhifələrindən tanışdır. Donatella Versaçe üslubunda – rəngsiz, normal üz mimikasından məhrum olan, qeyri-müəyyən cins və yaşa malik varlıqlar. Düzünü desəm məni bu xanımların gözəlliyini göylərə yüksəldən pərəstişkar ordusunu getdikcə artması qorxudur.
Məncə nümunə üçün uzağa getmək lazım deyil, yerli aktrisalarımızdan birinin - adını çəkməyəcəm - yeni obrazına baxsaq, deyə bilərik ki, elə özümüzdə də hersoginya Alba yetərincədir.
Ləyaqətlə yaşlanmaq sənətdir, buna hər adam nail ola bilmir. Və buna yəqin ki, müəyyən ruh ahəngini əldə edənlər müvəffəq olur: bu insanlar gedən cavanlığı saxlamağa çalışmırlar, çünki hər yaşın öz gözəlliyinin olduğunu bilirlər.
Bir dəfə çox ağıllı bir qadının fikrini oxudum: “70 yaşında, 30 yaşında görünmək üçün buna bütün ömrünü həsr etməlisən. Nə üçün? O yaşında ərinlə bərabər oturub olanları yada salmaq, nəvələrini oynatmaq əvəzinə hansısa bir axmağın sənə eşq etirafını dinləmək üçün?!”.
Bir neçə ildir ki, demək olar ki, hər gün küçədə 70-ə yaxın yaşı olan qadınla görüşürəm. Ona baxanda özünə hörmət edən qadının necə qocalmalı olduğunu anlayıram. Üzündəki hər qarışın öz tarixi var; saçları səliqəli yığılıb, adi makiyaj, səliqəli geyim, düz qamətli bir qadındır. Yaşına baxmayaraq istənilən 25 yaşlı yalançı dırnaqları və ağardılmış saçları olan qıza meydan oxuyar.
Gedən ömrü geri qaytarmaq olmaz, istəməsək də bunu ləyaqətlə qəbul etməliyik. Qadının gözəlliyi – qırışların olmaması, yaxud da şişirdilmiş dodaq, silikon sinədə deyil, bu müntəzəm qulluq, düzgün qidalanma və fiziki fəal həyat formasındadır.
Yeri gəlmişkən, fikir vermisinizmi ki, bəzən cavanlıqda gözəl olan qocalıqda çox qorxulu bir vəziyyətə düşür, bəzən isə cavanlıqda o qədər də gözəçarpmayan biri qocaldıqda əsl gözələ çevrilir? Yaşanan illər öz izlərini buraxır və heç bir prosedur kin, qeybət, paxıllıq və həyatdan daimi narazılığı silib apara bilməz. Təbiəti aldatmaq olmaz.
Aliyə İsmayılzadə