Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxanda tikilmiş “Meçta” uşaq kafesinin açılışı olub.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin iştirakı ilə keçirilən tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiyanın Həştərxan şəhərində tikilmiş “Meçta” uşaq kafesinin dekabrın 20-də açılışı olub.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin kafenin rəmzi açılışını bildirən lenti kəsiblər. Uşaqlara yeni il hədiyyələri təqdim edilib.
Kafe Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş uşaq şəhərciyinin yaxınlığında yerləşir. Uşaq şəhərciyinin açılışı 2012-ci il sentyabrın 12-də olmuşdur. Həmin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Ümumi sahəsi 1200 kvadratmetrə yaxın olan şəhərcikdə yeddi böyük və bir neçə kiçik attraksion quraşdırılıb. Uşaqların təhlükəsizliyi üçün zəruri şərait yaradılıb.