"Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) təkcə iştirakçı sayına görə deyil, həm də Azərbaycanın beynəlxalq nüfuzunun nümayişi baxımından mühüm əhəmiyyət daşıyır".
Bu fikirləri Oxu.Az-a açıqlamasında siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, forumun 176 ölkədən 57 mindən çox iştirakçını bir araya gətirməsi sadəcə statistik göstərici kimi qiymətləndirilməməlidir:
"Qlobal tədbirin ilk baxışda sadəcə statistika kimi görünməsinə baxmayaraq, məsələnin mahiyyətinə gəldikdə bu, əslində 176 ölkənin Azərbaycana münasibətinin və Azərbaycanın çağırışlarına verilən cavabın göstəricisidir. Azərbaycanın diplomatik kanalları vasitəsilə ikitərəfli və çoxtərəfli münasibətlər kontekstində 176 ölkədən nazirləri, nazir müavinlərini, hökumət başçılarını və digər yüksəksəviyyəli qonaqları cəlb edə bilməsi, həqiqətən də Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki nüfuzunun göstəricisidir".
Professor qeyd edib ki, WUF13 COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbir kimi tarixə düşüb:
"Xüsusi qeyd olunmalı məqamlardan biri də odur ki, bu tədbir üçün Bakı standartları formalaşdı. Bu standartlar həm təşkilati baxımdan yeni xarakter daşıyır, həm də təşkilatın fəaliyyətinin motivasiyası baxımından əhəmiyyətlidir".
H.Babaoğlu forum çərçivəsində ilk dəfə keçirilən Liderlərin Sammitini və Nazirlər Görüşünü xüsusi vurğulayıb:
"İlk dəfə olaraq Ümumdünya Şəhərsalma Forumu çərçivəsində Liderlərin Bəyanatları Sessiyası keçirildi. Bununla bağlı ayrıca sessiya təşkil olundu. Bundan başqa, Nazirlər Görüşünün keçirilməsi və həmin görüşün yekununda qəbul olunan ‘Sədrin xülasəsi" sənədi forumun yekun sənədi olan ‘Bakı Fəaliyyətə Çağırış" sənədinə, eləcə də BMT-nin Yeni Şəhər Gündəliyinin icrası ilə bağlı aralıq icmal prosesinə öz töhfəsini verdi".
Onun sözlərinə görə, forumun ən mühüm nəticələrindən biri Bakı Şəhər Mükafatının təsis olunmasıdır:
"Digər mühüm hadisə isə ondan ibarət oldu ki, bundan sonra forumun harada keçirilməsindən asılı olmayaraq, Bakı Şəhər Mükafatı adlı xüsusi mükafat təqdim ediləcək. Bu, təşkilatın fəaliyyətinin motivasiya edilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar Azərbaycanın gələcəkdə bu istiqamətdə fəaliyyətini təşviq etməklə yanaşı, onun beynəlxalq münasibətlər sistemindəki rolunu daha da artıracaq".
Ekspert bildirib ki, forumun qalıcı irs nümunələrindən biri də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən yüksəksəviyyəli tədbir olub:
"Yeni Şəhər Gündəliyində Həyat Nəfəsi: Davamlı Şəhərlər üçün Hava Keyfiyyəti və Yaşıl İnfrastrukturun İnteqrasiyası" mövzusunda təşkil olunan tədbir şəhərsalmanın ekoloji tərəflərini ön plana çıxardı. Biz şəhərsalmanın müsbət tərəflərinə baxdığımız qədər, onun yaratdığı ekoloji problemlərə də diqqət yetirməliyik".
H.Babaoğlunun sözlərinə görə, "Nəfəs Alan Şəhərlər naminə Bakı Çağırışı" kommünikesi gələcək forumların gündəliyinə yeni istiqamət əlavə edib:
"Təsadüfi deyil ki, ‘Nəfəs Alan Şəhərlər naminə Bakı Çağırışı" adlı kommünikedə məhz bu məsələlər öz əksini tapdı və beləliklə, hava keyfiyyəti mövzusu Ümumdünya Şəhərsalma Forumunun gələcək sessiyalarının gündəliyində yer aldı. Böyük meqapolislərdə hava çirklənməsi, şəhər əhalisinin sayının artmasına paralel olaraq sənayenin genişlənməsi, yaşıllıq sahələrinin azalması, qeyri-qanuni tikililərin şəhərin sərbəst ərazilərini zəbt etməsi nəticəsində atmosferdə oksigen səviyyəsinin azalması kimi problemlər yaranır. Bu da şəhərlərin ciddi ekoloji problemlərlə üzləşməsinə səbəb olur. Məhz bu mövzu ilk dəfə olaraq forum səviyyəsində geniş şəkildə təqdim edildi".
Professor forumun Azərbaycanın şəhərsalma təcrübəsinin və tarixi-mədəni irsinin təqdimatı baxımından da mühüm platformaya çevrildiyini bildirib:
"Bakı həm də özünün qədim şəhərsalma və memarlıq ənənələrini nümayiş etdirdi. İşğaldan azad olunmuş ərazilərdə yeni şəhərsalma standartlarına uyğun şəkildə necə şəhərlərin salındığı dünya ictimaiyyətinə təqdim edildi və bununla da görülən işlər barədə beynəlxalq ictimaiyyət bir daha məlumatlandırıldı".
O qeyd edib ki, forum günlərində dünya mediasının diqqəti Azərbaycana yönəlib:
"Azərbaycan Prezidenti İlham Əliyev forumdakı çıxışında bu məsələlərə xüsusi yer ayırdı. Bu, həm Azərbaycan xalqının tarixi yaddaşı baxımından, həm də ölkəmizin dövlətçilik tarixinin və şəhərsalma mədəniyyətinin dünyaya yenidən təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyev çıxışında qədim Qəbələnin paytaxt kimi rolundan, Qafqaz Albaniyasının tarixindən, Şirvanşahlar dövlətindən, Əcəmi Naxçıvaninin memarlıq məktəbindən bəhs etdi. Beləliklə, müxtəlif dövrlərdə Azərbaycan xalqının qurduğu dövlətlər və onların yaratdığı şəhər mədəniyyəti dünya ictimaiyyətinə təqdim olundu".
Sonda H.Babaoğlu forumun yekunlarını belə qiymətləndirib:
"Bu isə Azərbaycan haqqında daha real və obyektiv təsəvvürlərin formalaşmasına xidmət etdi. Ona görə də hesab edirəm ki, uğurla başa çatan bu tədbirdə Bakı bir daha öz izini və imzasını ataraq beynəlxalq nüfuz müstəvisində yeni bir Bakı standartı yaratmağa nail oldu".