Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İcma sözçüsü: “Dağıdılan mədəni irsimizlə bağlı UNESCO ilə qarşılıqlı fəaliyyəti davam etdirəcəyik”
Qərbi Azərbaycan İcmasının UNESCO-ya etdiyi müraciət əvvəlcə BMT-nin rəsmi sənədi kimi yayılıb, daha sonra UNESCO-dan müraciətə rəsmi cavab gəlib. Ermənistana faktaraşdırıcı missiya göndərilməsi xahiş olunmuşdu. Bu missiya nələri araşdırmaq üçün tələb olunub? Qərbi Azərbaycanda hansı tarixi-mədəni abidələrimiz var?
Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar “Report”un sorğusuna cavab olaraq bildirib ki, bu missiya azərbaycanlıların ata-baba yurdunda dağıdılan və başqa ölkələrə məxsus kimi təqdim edilən mədəni irsimizin vəziyyətinin qiymətləndirilməsi üçün xahiş edilib:
“Məlum olduğu kimi, Qərbi Azərbaycan İcması 27 mart 2023-cü il tarixində UNESCO-ya müraciət edərək, indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin kütləvi dağıdılması faktlarına diqqəti çəkmiş və bu sahədə vəziyyətin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsini xahiş etmişdi. Müraciət BMT-nin katibliyi tərəfindən BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıldı və ardınca UNESCO-dan gələn cavabda bildirildi ki, İcmanın qaldırdığı məsələ UNESCO-nun mandatına birbaşa aiddir və bu sahədə müvafiq mexanizmlərdən istifadə etməklə məsələ ilə yaxından məşğul olunur. Bu missiya ata-baba yurdumuzda dağıdılan və başqa ölkələrə məxsus kimi təqdim edilən mədəni irsimizin vəziyyətinin qiymətləndirilməsi üçün xahiş edilib.
İndiki Ermənistan ərazisində dağıdılmış və dağıdılmaqda olan minlərlə zəngin mədəni irs nümunələrimiz barədə İcmamızın ziyalılarının da kifayət qədər geniş araşdırmaları var. İstər İcma sədri, deputat Əziz Ələkbərli, istər İdarə Heyətinin üzvləri - tarix elmləri üzrə fəlsəfə doktoru Nazim Mustafa, filologiya elmləri doktoru İbrahim Bayramov və digər dəyərli ziyalılarımızın araşdırmalarında da bu barədə geniş məlumatlar var.
İrəvan quberniyasının ərazisində 310-a yaxın Azərbaycan məscidi mövcud olub. İrəvan şəhərinin özündə yer üzündən silinmiş Dəmirbulaq, Hacı Novruzəlibəy məscidi, Sərdar məscidi, sökülməsinə fərman verilən Təpəbaşı məhəlləsi və Təpəbaşı məscidi və başqa ölkəyə məxsus kimi təqdim edilən Göy məscid, Əmir Səəd məqbərəsi. Digər məscidlərə də eyni tale rəva görülüb. Bu abidələrə olan münasibət dünya mədəni irsinə olan davranışı da ifadə edir, çünki hər bir abidə bəşər tarixinin bir parçasıdır”.
Sözçü xatırladıb ki, fars məscidi kimi təqdim edilən Göy məscid barədə britaniyalı tədqiqatçı Tomas De Vaalın da fikirləri var:
“De Vaal bu barədə deyirdi ki, “Ermənilərin azərbaycanlılara məxsus məscidi belə asanlıqla yer üzündən silmələrini linqvistik oyun ilə izah etmək olar. Onlar İrəvanda “fars məscidi” haqqında danışanda “fars” deməklə unutdurmaq istəyirlər ki, 1760-cı ildən bu məsciddə dua edənlər azərbaycanlılar idi”.
Qərbi Azərbaycanda, o cümlədən, çox sayda tarixi abidələrimiz, qalalarımız, karvansaralarımız, qəbirüstü abidələrimiz, eləcə də azərbaycanlıların qəbiristanlıqları darmadağın edilib. İrəvan qalası, Sərdar sarayı, Şah Abbas karvansarası, Ağadədə qəbiristanlığı, Saral qəbiristanlığı, Aşağı Şorca qəbiristanlığı sadalananların arasındadır.
Qərbi Azərbaycanda, Ağkilsə kəndində aşıq sənətimizin dayaqlarından olan Aşıq Ələsgərin 1972-ci ildə inşa edilmiş və 150 illik yubileyinə həsr olunmuş qəbirüstü abidəsi yerlə bir edilib. Bu həmin aşıq sənətidir ki, UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Məhz bu faktlara görə də bizə gələn cavabda bildirilib ki, sözügedən məsələlər UNESCO-nun mandatına birbaşa aiddir.
Qərbi Azərbaycan İcması indiki Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasının dayandırılması və dağıdılmış olanların bərpası üçün beynəlxalq hüquq normaları və mexanizmləri çərçivəsində UNESCO ilə dialoq və qarşılıqlı fəaliyyətini davam etdirəcək”.
"BMT" teqi üzrə xəbərlər
- BMT-nin Turizm baş katibi: "Uşaqlara iqlim dəyişikliyi nə olduğu aşılanmalıdır"
- BMT-nin polis rəisi: "Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən razıyıq"
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
- BMT BA-nın 3-cü Komitəsində Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edilib
- Metyu Brayza: "COP29-un Azərbaycanda keçirilməsi rəsmi Bakıya əlavə imkanlar yaradır"