Zərdab rayon icra başçısı Lütvəli Babayev qardaşı Əliağa Babayevin Rusiyada yol qəzasında dünyasını dəyişməsindən danışıb.
Oxu.Az xəbər verir ki, icra başçısı “Qafqazinfo”ya bildirib ki, qardaşının ürəyində problem var idi: “Ürəyinə iki dəfə stend qoyulmuşdu. Oruc tutan, namaz qılan adam idi. Bu il 60 yaşı tamam olmuşdu. Ona deyirdilər ki, avtomaşın idarə etmə”.
L.Babayev qəzanın başvermə şəraitindən də bəhs edib:
“Avtomaşın yoldan çıxaraq çəmənliyə düşüb və qardaşımı kənara atıb. O, “Lexus” markalı avtomaşın idarə edirdi, başından aldığı zərbədən dünyasını dəyişib. Ə.Babayev Novosibirsk Azərbaycanlıları Cəmiyyətinin vitse-prezidenti idi. İki oğlu var. Vladimir Putin ona ən yüksək ali dövlət mükafatı vermişdi. Cənazəsi sabah vətənə gətiriləcək və Mingəçevirdə dəfn olunacaq. Mərhumun yası da Mingəçevir şəhərində olacaq”.
12:38
Zərdab rayon icra başçısı Lütvəli Babayevin qardaşı Əliağa Babayev Rusiyada yol qəzasında həyatını itirib.
Oxu.Az bakupost.az-a istinadən xəbər verir ki, Ə.Babayev Novosibirsk şəhərindən 50 kilometr aralıda avtomobil qəzası törədib və dünyasını dəyişib.
Məlumata görə, o, Rusiyada bizneslə məşğul olurdu. 1978-ci ildən Novosibirskdə yaşayan Əliağa Babayevin cənazəsi iyunun 7-də Mingəçevirə gətiriləcək.
Yada salaq ki, ötən il icra başçısının bacısı və nəvələrinin olduğu avtomobil Ucar rayonu ərazisində yol qəzası törədib. “Toyota” markalı avtomobillə törədilən qəzada başçının bacısı Kamilə Babayeva ilə yanaşı, yeznəsi və qızı olub. Yaralılar xüsusi vertolyotla Bakıya gətiriliblər.
İcra başçısının Babaş Babayev adlı qardaşı isə 15 il əvvəl Ağsu aşırımında baş verən ağır qəzada ölüb.
Onun digər qardaşı Hacı Xanəli Babayev isə Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazısı, Mingəçevir şəhərinin axundudur.
A.M.