“Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən körpüdən özünü ataraq intihar edənlərin sayının artdığını görən müvafiq qurumlar əməli işə keçiblər.
Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, körpünün hər bir tərəfində polis əməkdaşları növbə ilə keşik çəkirlər. Bəzən isə “intihar körpüsü” adı ilə məşhurlaşan və “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən bu körpüyə son vaxtlar problemləri olanlar üz tuturlar.
İntihara ilk cəhd isə yanvar ayında qeydə alınıb. 27 yaşlı Rafael Hümbətov ilk belə addım atmışdı. Özünü körpüdən atan gənc xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmamışdı. Körpüdəki intiharlar da elə bundan sonra başladı.
Psixoloqlar isə bunu insanların gündəlik problemləri ilə əlaqələndirirlər. Psixoloq Elnur Rüstəmov deyir ki, özünə, öz problemlərinə ictimai diqqət çəkmək istəyənlər məhz bu körpünü seçirlər:
“Onlar öz etirazlarını hər kəsə bildirməklə edirlər. Hər kəsin problemi var, amma bu o demək deyil ki, hər kəs özünü öldürməlidir. Bunun üçün insanlar məsələlərə soyuqqanlı yanaşmalıdırlar”.
O, insanlar arasında maarifləndirmə işlərinin aparılmalı olduğunu və onlara hansısa bir cəza verilməli olduğunu deyir. Əks halda bu cür hallar artacaq.
Odur ki, problemləri özünü öldürməklə deyil, onları aradan qaldırmaqla həll edin.
E.Ə.
www.oxu.az