“National Geographic Japan” jurnalında “National Geographic” jurnalının Azərbaycanda nəşrinə başlanması haqqında məqalə dərc olunub.

Oxu.Az xəbər verir ki, məqalədə “National Geographic Azərbaycan” jurnalının ilk nömrəsinin üz qabığının şəkli və Azərbaycanın ərazi bütövlüyünün tam əks olunduğu xəritəsi yer alıb.

“National Geographic Azərbaycan” jurnalının baş redaktoru Seymur Teymurov “National Geographic Japan”da bu məqalənin dərc olunmasını yüksək qiymətləndirib.
“Çox sevindirici haldır ki, yapon həmkarlarımız bizim uğurumuz barədə yazıblar”, – Seymur Teymurov Oxu.Az-a bildirib.
Baş redaktor əlavə edib ki, “National Geographic Azərbaycan” xarici ölkələrdəki həmkarları ilə sıx təmasdadır.
“Türkiyə və Latviyanın “National Geographic” jurnalları Azərbaycan haqqında məqalə dərc olunması ilə bağlı bizə müraciət ediblər. Biz artıq onların müraciətlərini cavablandırmışıq. Tezliklə həmin jurnallarda ölkəmiz barədə məqalələr yer alacaq”, ̶ Seymur Teymurov deyib.
Qeyd edək ki, “National Geographic Azərbaycan” jurnalının ilk buraxılışı bu ilin sentyabr ayının 1-də işıq üzü görüb. Layihə “Garant Media Holding”in tərkibinə daxildir.
Bu ilin mart ayının 3-də ABŞ-ın paytaxtı Vaşinqtonda dünyanın ən tanınan jurnallarından “National Geographic” dərgisinin Azərbaycan dilində nəşr olunması barədə müqavilə imzalanıb. Yaxın vaxtlarda isə “National Geographic Kids” jurnalının Azərbaycanda nəşrinə başlanılacaqdır.
Bundan başqa, “National Geographic” jurnalının ölkəmizə gətirilməsində böyük əməyi keçmiş, ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Amerika Alyansını xüsusilə vurğulamaq lazımdır.
Azərbaycan-Amerika Alyansı Anar Məmmədov tərəfindən təsis edilmiş qeyri-kommersiya təşkilatı olub ABŞ-da fəaliyyət göstərir və bu ölkədə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatını təbliğ edir.
Alyans akademik müzakirələr, mədəni proqramlar və siyasi söhbətlər vasitəsilə Azərbaycanla Amerika arasında davamlı tərəfdaşlığın təşviqi ilə məşğul olan əsas təşkilata çevrilmək niyyətindədir.