Kubra Məhərrəmova yazır...
Son dövrlər hər iki pasiyentdən birinə təyin olunan arıqlama iynələri barədə danışmaq istərdim. əczaçılıq sənayesi bu barədə danışmayacaq. Əksinə, bunu "sehrli həb" kimi satacaq.
İdman eləmə, pəhrizə ehtiyac yoxdur. Həftədə bir dəfə iynəni dəri altına vur və möcüzə: artıq kiloların əriyəcək...
İlk baxışdan olduqca cazibədar görünən bu asan həllin sonradan böyük fəsadları barədə isə çoxu susur.
Bəs bu preparatın mexanizmi necə işləyir?
Bu preparatlar beyindəki aclıq mərkəzinə təsir edərək iştahanı birbaşa bloklayır. Pasiyentlər iynə sayəsində az yeməyə başlayır və çəki sürətlə düşür.
Bu da həkim üçün rahat nəticə əldə etməyə kömək edir. İynə qısa müddətdə həkimin işinin nəticəsini göstərir.
Çünki həkim bir pasiyentlə uzunmüddətli həyat tərzini dəyişmək uğrunda iş aparmır, onun qida rejiminə nəzarət etmir.
Çünki yemək sadəcə iştaha, qidaya fiziki ehtiyac məsələsi deyil, bu, həm də psixoloji məsələdir. Artıq sübut olunub ki, çox yemək reallıqdan qaçmaq, ağrı-acıları unutmaq, özünə yalançı xoşbəxtlik yaşatmaq üçün ən asan vasitədir.
İdman, psixoterapiya, ciddi pəhriz isə zəhmət və zaman (aylar, illər) tələb edir. Hər pasiyent də bu uzun yola çıxmır. Çox zaman xüsusi rejimdən "qopur" və yenə də psixoloji gərginlik yaşayır. Buna "qırılma" da deyilir.
Bunu xüsusi vurğulamaq istərdim ki, "mən heç nə yemirəm, amma kökəlirəm" düşüncəsini elm tamamilə rədd edir. İnsanın kökəlməsi və piylənməsi yalnız kənardan daxil olan enerjinin (kalorinin) xərclənən enerjidən çox olması halında mümkündür.
Elmi sübut tələb edirsinizsə, buyurun: Termodinamikanın birinci qanunu.
İnsan orqanizmi qapalı deyil, açıq bioloji sistemdir və fizika qanunlarına tabedir. Elmi izahı: Enerji heç nədən yaranmır və heç yerə yox olmur, yalnız bir formadan digərinə keçir. Piylənmə bədənin artıq enerjini piy toxuması (kimyəvi enerji) şəklində yığmasıdır.
Əgər elmi sübut sizin üçün əsaslı deyilsə, o zaman həyatdan nümunə: Yataq xəstələri, reanimasiyada olan xəstələr sürətlə arıqlayır. Çünki gün ərzində, bəzən də həftələrlə qida qəbul etmirlər. Onların yaşamasını kimyəvi preparatlar, damardaxili inyeksiyalar dəstəkləyir.
İkinci məqam: "Metabolizmim aşağıdır" deyən pasiyentlər. Bu da növbəti mifdir.
Nəzərə alaq ki, orqanizm hətta tam hərəkətsiz vəziyyətdə olsa belə, daxili orqanların - ürək, beyin, qaraciyərin işləməsi üçün bədən böyük miqdarda enerji xərcləyir.
Maddələr mübadiləsi qalxanvari vəzinin xəstəliklərində (hipotireoz) belə, maksimum 15-20% yavaşlaya bilər ki, bu da cəmi 2-3 kq şiş (bədəndə mayenin toplanması) və ya çəki fərqi yaradır, 20-30 kq-lıq piylənməyə səbəb ola bilməz.
Və "gizli kalorilər" faktoru... İnsanlar gün ərzində qəbul etdikləri kaloriləri orta hesabla 30-50% azaldaraq qiymətləndirirlər.
Məsələn, bir fincan çay, yanında mürəbbə, şirniyyat, bir-iki konfet, peçenye bəzən günlük kalori normasının yarısını təşkil edə bilər. Hələ bura qəhvə və ona əlavə olunan şəkər və siropları da gəlsək, günlük kalori normasını keçə də bilər.
Mən hələ atışdırmaları demirəm: bir ovuc çərəz, bir ovuc çips, küçədə alıb yeyilən yeməklər...
Amma adamların beynində oturduqları qida qəbulu qalır.
İndi gəlirik əsas məsələyə, dünya əhalisinin əksəriyyəti artıq fiziki əməkdən uzaqlaşaraq oturaq həyat tərzinə keçib. Ofis işçiləri ya da evdən işləyən "oturaq işçilər"...
Əksəriyyət piyada gəzmir, idmanla məşğul olmur. Təbii ki, bu da dünya əhalisinin sürətlə piylənməsinə gətirib çıxarır. Yüksək kalorili hazır qidaların çoxluğu və əlçatanlığı sürətlə kökəlməyə səbəb olur.
"Tələb varsa, təklif də olacaq" prinsipi ilə düşünəndə də ortaya bu arıqlama iynələri çıxır.
Amma bundan əvvəl bəşəriyyət arıqlama şirələri, qəhvələri və çaylarından da keçib. Onların yaratdığı fəsadlar da göz qabağındadır.
Əvvəlki "arıqlama içkiləri" sadəcə bağırsaq işlədən məhsullar idisə, indiki iynələr birbaşa biomühəndislik məhsuludur və beynin hormonal sisteminə müdaxilə edir.
İynəni kəsən gündən isə "geri qayıtma" başlayır.
Çünki iynə problemi həll etmir, onu bir müddətlik söndürür. Əgər bir adam qida vərdişlərini, həyat tərzini dəyişmirsə, heç bir iynə ona kömək etməyəcək. Çəki çox zaman ikiqat geri dönəcək.
İndi isə düşünək. Bir müddət pasiyent "sehirli iynə" altında illüziyaya qapılır. Sürətlə çəki itirir və xəyalındakı bədənə sahib olur.
Mütləq qeyd etməliyəm ki, bu iynələr ancaq piyi əritmir, əzələ kütləsini də yandırır. Bu, sübut olunmuş elmi-tibbi faktdır.
"Zoluşka" nağılındakı kimi saat gecə 12:00-ı vuranda isə atlar siçana, bahalı fayton isə balqabağa çevrilir, bədən də əlavə 40 kilo qazanır.
Və burada əczaçılıq sənayesinin möhtəşəmliyi ortaya çıxır. Sanki hansısa gizli əl hamının ömrünün sonuna qədər "iynəyə" oturması üçün fərman imzalayıb.
Çünki bu fərmanın altında milyardlarla pul durur. Arıqlama iynələri istehsal olunduqları ölkələrə fantastik gəlirlər gətirir.
Bu preparatların ən məşhuru Danimarkada istehsal olunur. Sözügedən dərman preparatını istehsal edən şirkət isə Danimarkanın əczaçılıq nəhəngi sayılır. Bu iynənin Danimarka iqtisadiyyatına gətirdiyi gəlir və təsiri o qədər miqyaslıdır ki, dünya mətbuatı artıq Danimarkanı neft ölkələrinə (petrostate) bənzədərək "Farm-dövlət" (Pharmastate) adlandırır. Həmin şirkətin ümumi bazar dəyəri təqribən 570 milyard dollardır. Şirkətin illik gəliri 42 milyard dolları ötüb. Şirkət Danimarka dövlətinə təkcə bir ildə 2.3 milyard dollar mənfəət vergisi ödəyib. Bu vergi pulları hesabına Danimarka hökuməti müdafiə xərclərini və yaşıl enerji layihələrini rekord səviyyədə maliyyələşdirib.
İndi mənə deyin görüm, hansı ağlı başında olan, qüdrətli əczaçılıq sənayesi bu "sehirli iynədən" əl çəkib insanları sağlam qidalanmaya, idmana və s. təşviq edəcək?
Bu gün Azərbaycanda da həkimlərin əksəriyyəti bu qəbildən olan arıqlama iynələrini təyin edir. Yan təsirlərini demədən, həm cavan, həm yaşlı pasiyentlərə...
Ancaq elmi və tibbi araşdırmalar aşağıdakıları göstərir:
Kəskin pankreatit: Dərmanın təsiri ilə fermentlərin vaxtından əvvəl aktivləşməsi mədəaltı vəzin iltihabına səbəb olur.
Öd kisəsi problemləri: Sürətli arıqlama və motorikanın (hərəkətliliyin) zəifləməsi öd daşlarının yaranmasına və kəskin xolesistitə yol açır.
Qastroparez: Qidanın mədədən xaric olunmasının kritik dərəcədə ləngiməsi (mədənin "iflici").
Bəli, piylənmə xəstəlikdir. Qan-damar, ürək və şəkər (diabet) xəstəliklərinə yol açır. Amma iynəni bir kurs istifadə etməklə bu problemlər aradan qalxmayacaq, sadəcə müvəqqəti sehri olacaq.
Bir də düşünün ki, dünyanın ən böyük fastfud, qənnadı, şirniyyat, şokolad və şirin içki istehsal edən şirkətləri ilə bu arıqlama iynələrini istehsal edən holdinqlərin səhmdarları aşağı-yuxarı eyni adamlardır.
Onlar əvvəl sənə dadlı-şirin qida və içkiləri satır, sonra müvəqqəti arıqlamaq üçün iynə.
Bütün hallarda onlar qazanır, insanlar isə sağlamlıqlarını itirirlər.