Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Jurnalistlərin ev davası: Arvadından boşanan kim, evini qaynanasının adına keçirən kim...
“Qulağımıza çatır, eşidirik, utanırıq. Bu ev məsələsində xeyli insan getdikcə çirkinləşir. Deyir, arvadından boşanan kim, evini qaynanasının adına keçirən kim, bütün mülkünü öz adından əvvəlcədən çıxaran kim. Hələ qəfil xəstələnib yazıqlaşanların da olduğu deyilir”.
Tanınmış jurnalist, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi”nin rəhbəri Azər Həsrət Oxu.Az-a açıqlamasında redaksiyalarda hazırda hökm sürən “ev davası”na münasibət bildirərkən belə deyib.
O, ev tələb edən jurnalistlər arasında buna haqqı çatmayanların olduğuna təəssüf etdiyini söyləyib: “Bütün bunları, həqiqətən, evə ehtiyacı olanlar etsəydi, bəlkə də, haqq qazandırmaq olardı. Edənlərin əksəriyyətinin, sadəcə, donuzu əskikdir. Deyirəm, insanlar bu dünya malında nə görüblər belə? Ay kişilər (və xanımlar), istər 1 olsun, istər 5, o dünyaya köçəndə belinizə şələləyib heç nə apara bilən deyilsiniz axı. Qoyun, imkan verin ki, bu mənzilləri, doğrudan da, ehtiyacı və haqqı olanlar alsın. Vallah, iddia edirsiniz ki, Azərbaycan mediası üçün sizdən çox iş görən yoxdur, amma bu işlərin içində olan birisi kimi deyirəm, axtarsaq, ev almağa haqqı çatan 100 jurnalisti belə tapmaqda çətinlik çəkərik”.
KİVDF-nin Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına jurnalistlər üçün tikdirdiyi binada mənzilə sahib olmaq istəyən jurnalistlər arasında qızğın “ev davası” gedir. Vəziyyətin ciddiliyi nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 22 iyul 2013-cü il tarixli sərəncamı əsasında jurnalistlər üçün inşa edilmiş yaşayış binasındakı mənzillərin bölgüsündə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı redaksiyalarda iclas keçirilir. İclaslarda “Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri”nin müəyyənləşdirilməsi, eləcə də, həmin qaydalar və şərtlər əsasında sənədlərin qəbulu prosesinin ədalətli və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə yaradılmış Komissiyanın üzvləri iştirak edir.
Bu arada, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov jurnalistlər üçün yeni tikilmiş binadakı mənzillərin, əsasən, Prezident Administrasiyası tərəfindən müəyyənləşdirilmiş şəxslərə təqdim olunacağını bəyan edib. Keçən dəfə jurnalistlərə mənzillərin verilməsi məsələsinin Mətbuat Şurasına (MŞ) həvalə edildiyini xatırladan Ə.Amaşov deyib ki, bu dəfə MŞ, KİVDF və MTRŞ-nın birgə yaratdığı komissiya tərəfindən həyata keçiriləcək..
Ə.Amaşov əlavə edib ki, bu dəfə fəaliyyətin daha obyektiv olması üçün redaksiyaların təqdim etdiyi namizədlərin sayının artırılması qərara alınıb. Məsələn, telekanallara ən çoxu 5 evin verilməsi nəzərdə tutulurdusa, onlar indi 10 namizəd verə bilərlər. Gündəlik qəzetlərdə bu rəqəm 3 idisə, namizədlərin sayı indi 6 ola bilər. Namizədlər verildikdən sonra sənədlər PA-ya təqdim olunacaq. Bu evlər, əsasən, PA tərəfindən müəyyənləşdirilmiş şəxslərə təqdim olunacaq.
Qeyd edək ki, jurnalistlər üçün yeni tikilən binalarda mənzil almaq üçün televiziya və radio yayımçıları 10, gündəlik qəzet və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd irəli sürə bilər. Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-də isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir. Müvafiq sənədlər 2017-ci il mayın 22-dən iyunun 22-dək Komissiyaya təqdim edilməlidir. Komissiya toplanmış sənədləri iyunun 30-dək Prezident Administrasiyasına təqdim edəcək.
Zülfiyyə Qurbanova
www.oxu.az