Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kartof bazarı: Satıcı gülür, alıcı isə məyusdur - SƏBƏB + "Kaspi"nin TƏHLİLİ
Sahələrdən kartof yığımına start verilib. Bazarlardakı qiymətlər fermerlərin üzünü güldürür, alıcılar isə məyusdurlar. Ekspertlər bu vəziyyətin müvəqqəti olduğu qənaətindədirlər.
Azərbaycanın bəzi bölgələrində təzə kartof yığımı başlayıb. Fermerlərin sözlərinə görə, bu il ötən illə müqayisədə məhsuldarlıq nisbətən zəif olsa da, qiymətlər yüksəkdir. Bu səbəbdən mövsümü yaxşı qazancla başa vuracaqlarına ümid edirlər.
Qeyd edək ki, ölkəmizdə kartofa illik tələbat 800-840 min ton təşkil edir. Bu isə aylıq 65-70 min ton tələbat deməkdir. Adətən, illik tələbatın 90 faizi yerli istehsal, digər 10 faiz isə idxal mənbələri hesabına ödənilir. Bəs görəsən, bu il, ümumiyyətlə, bölgələrdə məhsuldarlıq necədir? Qiymətlərlə bağlı hansı proqnozlar var? Bu sahədə ixrac imkanları nə yerdədir?
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
"Məhsuldarlıq azalıb, amma qiymətlər yaxşıdır"
Cəlilabadlı fermer Vüqar Musayev deyib ki, bu il dörd hektar sahədə kartof becərib. O, bir hektardan təxminən 40 tona yaxın məhsul əldə edəcəyini proqnozlaşdırıb:
"Keçən il hər hektara 45 ton məhsul götürmüşdük. Amma mövsümü ziyanla başa vurduq. Çünki qiymətlər həddindən çox aşağı idi. Nəyi necə satdığımızı da bilmədik. Bu il ötən ilə nisbətən məhsuldarlıq azalıb. Məhsuldarlığın azalması hava şəraitinin qeyri-sabit keçməsi ilə bağlıdır. Amma qiymətlər yaxşıdır. Əgər belə davam edərsə, məhsuldarlığın aşağı olmasına baxmayaraq, mövsümü qazancla başa vuracağımızı düşünürük".
Fermer qeyd edib ki, hazırda sahələrdə təzə kartofun bir kiloqramının topdansatış qiyməti 80-90 qəpik arasında dəyişir:
"Bir müddət əvvəl qiymət 60 qəpiyə qədər düşmüşdü. O qiymət bizi qane etmirdi. Lakin hazırda kartofun sortundan asılı olaraq qiymətlər 80-90 qəpik arasındadır. Biz bu il daha çox "Arizona" sortuna üstünlük vermişik, satışı da yaxşı gedir. Həm yerli bazarlara, həm də Rusiyaya kartof satırıq".
V.Musayev bildirib ki, hər hektara təxminən 12 min manat vəsait xərcləyib:
"Güman edirəm ki, indiki qiymətlər çəkdiyim xərci tamamilə qarşılayacaq, qazanc də qalacaq".
Cəlilabadda gündəlik 20 yük maşını kartof satılır
Qeyd edək ki, bu il Cəlilabad rayonunda 2800 hektar sahədə kartof əkilib. Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə, artıq 760 hektar sahədən məhsul yığılıb. İndiyədək əldə olunan məhsulun həcmi 16 400 tondur. Həmin məhsulun 14 659 tonu ixrac edilib. Gün ərzində 20 yük maşını, yəni 400 ton məhsul satılır. Ümumilikdə indiyədək 711 yük maşını məhsul daşınıb.
Geniş bazarlara çıxmaq üçün bol məhsul olmalıdır
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov hesab edir ki, Azərbaycanın kartofa olan illik tələbatının yerli istehsal hesabına ödənilməsi hələlik mümkün deyil:
"Düzdür, son illər bu sahədə inkişaf var, daha məhsuldar toxumlardan istifadə olunduğu üçün istehsal xeyli artıb. Eyni zamanda, bəzi ölkələrə az da olsa, kartof ixrac edirik. Amma hələ ki, idxaldan asılıyıq. Bazarlarda Rusiya, Belarus kartofu üstünlük təşkil edir. Xarici bazarlara çıxmaq üçün bol məhsulumuz yoxdur. Bu, yəqin ki, növbəti 5-6 ildə də belə davam edəcək. Kartofa olan illik tələbatımızı yerli istehsal hesabına ödədikdən sonra xarici bazarlara çıxa biləcəyik. Azərbaycanın kənd təsərrüfatı məhsullarına MDB ölkələrində, xüsusilə Rusiyada böyük maraq var. Yəni məhsul olarsa, alıcı tapmaq çətin deyil".
Kartof gəlirli sahə olsa da...
M.Həsənovun fikrincə, kartof kifayət qədər gəlirli sahədir. Sadəcə, yüksək məhsuldarlığın əldə edilməsi üçün münbit şərait olmalıdır:
"Hər yerdə kartof əkmək olmur. Məsələn, Gədəbəydə kartof dəmyə halında əkilir. Tovuzda, Şəmkirdə isə becərilmə prosesində süni suvarmadan istifadə edilir. Son illər müşahidə edirik ki, məhz bu zonalarda fermerlər daha çox bağçılıqla məşğul olmağa üstünlük verirlər. Çünki bu sahədə gəlir daha çoxdur. Fermer də istər-istəməz gəlirin daha çox olduğu sahəyə investisiya yatırmaqda maraqlıdır. Biz onu məcbur edə bilmərik ki, kartof əksin".
"İndiki qiymətlər istehlakçıları qorxutmamalıdır"
İqtisadçı Akif Nəsirli isə deyib ki, yaxın bir neçə həftə ərzində təzə kartofun topdansatış qiyməti ucuzlaşacaq. Onun sözlərinə görə, hazırda bazarda təklif olunan məhsul faraş kartofdur:
"Faraş kartof əsasən Cəlilabad zonasında becərilir. Bu il həmin zonada təzə kartofun baha satılması həm də əkin sahələrinin azalması ilə bağlıdır. Belə ki, ötən il Cəlilabadda 6000 hektara yaxın sahədə kartof əkilmişdi, bu il isə 3000 hektara yaxın sahədə kartof əkilib. Yaxın bir neçə həftə ərzində digər rayonlarda kütləvi kartof yığımına başlanılacaq. Nəticədə topdansatış qiymətləri aşağı düşəcək".
İqtisadçının sözlərinə görə, bu il məhsuldarlığın bol olacağı proqnozlaşdırılır:
"Builki hava şəraiti kənd təsərrüfatı məhsullarının, o cümlədən kartofun becərilməsi üçün əlverişli olub. Sadəcə, son iki həftədir ki, havalar qeyri-sabit keçir. Bu da kütləvi yığıma başlama prosesini ləngidir. İndiki qiymətlər istehlakçıları qorxutmamalıdır. Bir müddətdən sonra təzə kartofun bir kiloqramı 50-60 qəpiyə qədər düşəcək. Yəni qiymətlər təxminən ötən illə müqayisədə eyni səviyyədə olacaq. Payıza doğru isə inflyasiya ilə bağlı 10 faizə yaxın bahalaşma müşahidə ediləcək".
"Əsas hədəf ondan ibarətdir ki..."
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, yaxın bir neçə ayda kənd təsərrüfatı məhsullarının qiymətində ucuzlaşma müşahidə olunacaq:
"Bu, mövsümlə bağlı bir məsələdir. Artıq bazara yeni məhsullar çıxır. Müşahidələr onu deməyə əsas verir ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilbəil artır. İqtisadi baxımdan istehsalın artması həm də qiymətlərin azalmasına səbəb olmalıdır. Ümumiyyətlə, gözlənti ondan ibarətdir ki, mövsüm dövründə aqrar məhsulların qiymətlərində azalmaları müşahidə edəcəyik. İndi əsas hədəf ondan ibarətdir ki, bazarda süni qiymət artımı olmasın. Qiymət həm istehsalçını, həm də istehlakçını qane etməlidir".