Paytaxtda yerləşən kirayə mənzillərin qiyməti yenidən artıb.
Bu barədə ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.
O bildirib ki, ən çox bahalaşma Yasamal və Nərimanov rayonlarında qeydə alınıb:
“Yasamal və Nərimanov rayonlarında kirayə mənzillərin qiyməti digərləri ilə müqayisədə daha çox artıb. Məsələn, ötən il bu ərazilərdən 250 manata mənzil tapmaq asan idisə, indi həmin mənzillər 350 manatdan aşağı deyil. Metro yaxınlığındakı mənzillərin qiyməti isə ətrafdakılara nisbətən daha çox artıb. Əvvəllər 220 manata metro yaxınlığında 1 otaqlı mənzil tapmaq mümkün idisə, bu gün həmin mənzillərin qiyməti 300 manatdır. Ümumiyyətlə isə əvvəllər 200 manata tutulan mənzillərin qiyməti bu gün 250 manatdan aşağı deyil. 1 otaqlı mənzillər 250-450 manatadək, 2 otaqlı 350-600 manatadək, 3 otaqlı mənzillər isə minimum 500 manatdan başlayaraq təklif olunur. 4 otaqlı mənzillər isə 800-1000 manatdan başlayır”.
Ekspert onu da qeyd edib ki, köhnə tikili binalarda mənzil ucuz olduğu üçün vətəndaşlar daha çox onları kirayə götürürlər:
“Çünki yeni tikili binalarda 1 otaqlı 400 manatdan, 2 otaqlı 600 manatdan, 3 otaqlılar isə 800 manatdan daha yuxarı təklif olunur”.