"Sosial şəbəkələrin olmadığı dövrdə məktəblilərin bir sıra üstünlükləri var idi. Həmin dövrdə şagird və tələbələr elmi axtarışlara daha çox vaxt ayırır, araşdırma aparır, müxtəlif mənbələrdən məlumat toplayırdılar".
Bu fikirləri Oxu.Az-a açıqlamasında tarixçi-araşdırmaçı İntiqam Əsədov sosial şəbəkələrdə uşaqlarla bağlı yeni tənzimləməni şərh edərkən deyib.
O qeyd edib ki, uşaqlar daha əvvəl hər hansı mövzu barədə fikir bildirərkən və ya yazı hazırlayarkən bir mənbə ilə kifayətlənmirdilər, müxtəlif kitablara, ensiklopediyalara və elmi ədəbiyyata müraciət edirdilər:

"Bu proses onların araşdırma qabiliyyətini, məntiqi təfəkkürünü və analitik düşüncəsini inkişaf etdirir, intellektual səviyyələrinin yüksəlməsinə töhfə verirdi. Ədəbi əsərlərin və tarixi mənbələrin mütaliəsi insanın dünyagörüşünü genişləndirir, söz ehtiyatını zənginləşdirir və yeni ifadələr öyrənməsinə şərait yaradırdı. Kitabxanalara getmək həmin dövrün ayrılmaz hissəsi idi. Saatlarla kitabxanada çalışan insan həm səbirli olmağı öyrənir, həm də fikir və davranışlarını formalaşdırırdı. Dərslərə hazırlaşarkən məktəblilər yalnız dərsliklə kifayətlənmir, əlavə mənbələrdən də istifadə edirdilər. Bu isə onların həm danışıq qabiliyyətinin, həm də yazı bacarıqlarının inkişafına müsbət təsir göstərirdi. Həmin dövrdə insanlar axtarış aparmağa, zəhmət çəkməyə alışmışdılar. Kitab onlar üçün əsl xəzinə idi. Oxuduqca yeni biliklər əldə edir, fərqli məlumatlarla qarşılaşır və təfəkkürlərini daha da inkişaf etdirirdilər. Bununla yanaşı, sosial şəbəkələrin müsbət tərəflərini də inkar etmək olmaz. İnformasiyaya operativ çıxış imkanı yaradır, ünsiyyəti asanlaşdırır və bir çox sahədə insanlara kömək edir".
İ.Əsədov vurğulayıb ki, hazır məlumatın asan əldə olunması insanların müstəqil araşdırma aparmaq vərdişini zəiflədir:

"Süni intellekt platformalarında da müəyyən yanlışlıqlar və qeyri-dəqiqliklər ola bilir. Buna görə də əldə edilən məlumatlar mütləq etibarlı mənbələrlə yoxlanılmalıdır. Tarix fənni baxımından sosial şəbəkələrin ciddi elmi üstünlüyünü görmürəm. Sosial media insanları elmi baxımdan zənginləşdirmir, əksinə, bir çox hallarda hazır informasiyaya öyrəşdirir. Mən Azərbaycan tarixinə dair yeddi kitabın müəllifiyəm və müşahidəm budur ki, tələbə və şagirdlərə hər hansı mövzu və ya ssenari veriləndə, onlar özləri araşdırmaq əvəzinə onu birbaşa süni intellekt proqramlarından əldə edirlər. Nəticədə araşdırma aparmaq, mənbələri müqayisə etmək və müstəqil düşünmək bacarıqları zəifləyir. Düşünürəm ki, 16 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması ilə bağlı təklif olunan qayda onların həyatına müsbət təsir göstərəcək".
Araşdırmaçının sözlərinə görə, indiyədək sosial medianın nəzarətsiz istifadəsi bir çox hallarda uşaqlara mənfi təsir edib:

"Ümid edirəm ki, bu tənzimləmə gələcəkdə həmin mənfi təsirlərin qarşısının alınmasına kömək edəcək. Bu gün uşaqlar və yeniyetmələr sosial şəbəkələrdə, xüsusilə qısa video platformalarında gördükləri davranışları və ifadələri gündəlik həyatlarında təkrarlayırlar. Bəzən bu məzmunlar zorakılığı, kobud davranışı və ya kriminal meyilləri normaya çevirir. Hesab edirəm ki, məktəblilər arasında müşahidə olunan bəzi neqativ davranışların və cinayət hallarının artmasına təsir göstərən amillərdən biri də nəzarətsiz sosial media istifadəsidir. Uşağın dünyagörüşü və təfəkkürü tam formalaşmamış sosial media onun düşüncəsinə ciddi təsir göstərir. Məhz buna görə də bu sahədə yaş məhdudiyyəti və valideyn nəzarəti vacib hesab olunmalıdır".