ABŞ-nin süni intellekt tərtibatçısı olan "Anthropic" şirkəti İsrailin "dünya modelləri" hazırlayan "Decart AI" startapını təxminən 6 milyard dollara almaq üçün danışıqlar aparır.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
"Decart AI" 2023-cü ildə israilli mühəndislər tərəfindən yaradılıb. Startap fiziki aləmin simulyasiyası üçün nəzərdə tutulan "dünya modelləri"nin yaradılması istiqamətində ixtisaslaşıb.
Nəşrin məlumatına görə, şirkətin məhsulları arasında mikrosxemlərin səmərəliliyini artırmaqla süni intellektin təlim xərclərini azaltmağa imkan verən proqram təminatı da var.
"Bloomberg"in mənbəsinin sözlərinə görə, bu texnologiya "Anthropic"in mövcud infrastrukturuna artan tələbatı qarşılamaqda kömək edə bilər.
Bildirilir ki, müqavilə hələ təsdiqlənməyib və danışıqlar dayandırıla bilər. Lakin razılaşma baş tutarsa, bu, məqalədə qeyd olunduğu kimi, "Anthropic"in indiyədək həyata keçirdiyi ən böyük satınalma olacaq.
Agentliyin mənbələrindən birinin bildirdiyinə görə, "Decart AI" komandası "Anthropic"in tərtibat və məhsuldarlıq bölməsinə daxil ediləcək. Startapın real vaxt rejimində video axınlarını anında dəyişdirmək üçün süni intellektdən istifadə etmək bacarığı, onların infrastruktur sahəsində yüksəkixtisaslı mütəxəssislərə sahib olduğunu göstərir.
Həm "Anthropic", həm də "Decart AI" nümayəndələri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.
Qeyd edək ki, "Anthropic" şirkəti 2021-ci ildə təsis edilib və mənzil-qərargahı San-Fransiskoda yerləşir. Şirkət "Claude" adlı böyük dil modelləri (LLM) seriyasını inkişaf etdirib.