"SpaceX" şirkətinin rəhbəri İlon Mask 2027-ci ildə Birləşmiş Ştatlardakı bütün uşaqlara şirkətin bir ədəd səhmini hədiyyə edəcəyini vəd edib.
Oxu.Az "İnterfaks" nəşrinə istinadən xəbər verir ki, milyarder bu barədə özünün "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
İ.Mask vurğulayıb ki, bu təşəbbüs gələcəkdə atılacaq bənzər addımların yalnız ilki olacaq.
Agentliyin hesabatına əsasən, avqust ayındakı statistikaya görə, Mask "SpaceX"in təqribən 4.8 milyard səhminə nəzarət edirdi. Eyni zamanda, onun opsionlar və mükafatlar çərçivəsində əlavə 1.6 milyard səhm qazanmaq imkanı var. Faktiki sahib olduğu qiymətli kağızlar da nəzərə alındıqda, bu göstərici 48.4 %-lik benefisiar payı təşkil edir.
İyulun 1-nə olan məlumata əsasən, ABŞ-də 18 yaşına çatmamış 72 milyon vətəndaş yaşayır. Əgər hər birinə hazırda bir "SpaceX" səhmi verilərsə, onların əldə edəcəyi ümumi məbləğ təqribən 10.5 milyard dollara bərabər olar (hazırda bir səhmin dəyəri 146 dollardır).
Ötən həftəsonu Amerikanın "Anthropic" süni intellekt startapı öz səhmlərinin 5%-ni şirkət daxilində yaradılacaq və cəmiyyətin xeyrinə fəaliyyət göstərəcək yeni bir fonda köçürəcəyini açıqlayıb. İlon Mask isə "Anthropic"in "X" platformasındakı bu bəyanatına şərh yazaraq, səhmlərin birbaşa vətəndaşlara paylanılmasını tövsiyə edib.