Diyetoloq Loren Manaker bir həftə ərzində hər gün brokkoli yemək qərarına gəlib və təcrübənin nəticələri onu təəccübləndirib.
Oxu.Az-ın xəbərinə görə, o, "Prevention" nəşrinə müsahibəsində bu tərəvəzin rasiona daxil edilməsinin vəziyyətinə və xarici görünüşünə necə təsir etdiyindən danışıb.
Loren Manaker xatırladıb ki, tərkibində kalori miqdarının minimal olmasına baxmayaraq, brokkoli C, K və A vitaminləri, fol turşusu və kaliumla zəngindir. Bu məhsul mədə, ürək və beyin üçün olduqca faydalı hesab edilir. Loren Manakerin sözlərinə görə, brokkolinin daxil olduğu reseptlərlə yeddi günlük təcrübədən sonra onun həzm prosesi normallaşıb.
"Brokkoli liflə zəngindir və mənim həzm sistemim əlavə dəstəyi mütləq şəkildə qiymətləndirdi. Qarındakı şişkinlik azaldı, müntəzəm bağırsaq hərəkətləri hissi yarandı ki, bu da hətta sağlam qidalanmaya riayət edənlər üçün belə həmişə təmin edilmir", - deyə mütəxəssis qeyd edib.
Bundan əlavə, onun sözlərinə görə, təcrübə həftəsinin sonunda dərisinin keyfiyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Manaker bu effekti tərəvəzin tərkibindəki C vitamininin orqanizmdə kollagenin - dəriyə parlaqlıq və elastiklik verən zülalın - sintezinə kömək etməsi ilə izah edib.
Loren Manaker həmçinin bildirib ki, antioksidant sulforafan dərini sərbəst radikalların və ətraf mühit amillərinin təsirindən qaynaqlanan zərərlərdən qorumağa kömək edə bilər. Eyni zamanda, diyetoloq monodiyetlərdən istifadə etməməyi və balanslı rasiona əməl etməyi məsləhət görüb.