Azərbaycan Mərkəzi Bankı istehlak kreditinin verilməsi və borclanma şərtlərinə dair tələbləri yeniləyib. Yeni qərara əsasən, istehlak kreditləri üzrə zamin duran şəxsin borcunun onun gəlirinə nisbəti 70%-dən çox ola bilməz. Eyni zamanda borcalanın gəlirləri rəsmi sənədlər və ya dövlət informasiya sistemləri vasitəsilə təsdiqlənə bilərsə, banklar tərəfindən gəlirin davranış modeli əsasında proqnozlaşdırılmasına icazə verilməyəcək.
Bəs, bu tələblərin kredit bazarına təsiri necə olacaq?
Oxu.Az Baku TV-yə istinadla xəbər verir ki, iqtisadçı Rəşad Həsənovun sözlərinə görə, Mərkəzi Bankın yeni tələbləri zaminlərin kreditləşmə prosesinə cəlb olunması imkanlarını məhdudlaşdıracaq.
Onun sözlərinə görə, yeni qərar son üç ildə Azərbaycanda tətbiq edilməyə başlanılan davranışəsaslı kreditləşmə modelinə də təsir göstərəcək.
"Artıq zaminlərin kreditləşmə prosesinə cəlb edilməsinin əhatə dairəsi daralır. İkinci məqam isə davranışəsaslı kreditləşmə ilə bağlıdır. Son üç ildə bu təcrübə Azərbaycanda tətbiq edilməyə başlanılıb. Yeni tələblər həmin kreditləşmə modelindən istifadə imkanlarının məhdudlaşdırılmasına xidmət edir.
Belə ki, gəliri rəsmi mənbələr və məlumatlarla təsdiqlənən şəxslərə istehlak krediti verilərkən banklar artıq onların davranışəsaslı xərclərini və digər göstəricilərini nəzərə almaqla kredit limitini müəyyənləşdirə bilməyəcəklər. Bu isə məhdudlaşdırıcı xarakter daşıyır", - deyə iqtisadçı qeyd edib.