26 avqust - Laçın Şəhəri Günüdür.
Oxu.Az xatırladır ki, sözügedən gün Prezident İlham Əliyevin 31 iyul 2023-cü il sərəncamı ilə təsis olunub.
Bununla da hər il 26 avqust tarixində təntənəli şəkildə Laçın Şəhəri Günü qeyd edilir.
2020-ci ildə Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən sonra Ermənistan məğlubiyyəti qəbul etdi və kapitulyasiya aktına imza atdı. Həmin sənədə əsasən, Laçın rayonu Azərbaycana təhvil verilsə də, şəhər mərkəzi və strateji əhəmiyyətli Zabux, Sus kəndləri müvəqqəti olaraq sülhməramlıların nəzarətində qalan hissədə yerləşirdi. Məhz 26 avqust 2022-ci il tarixində Azərbaycan Ordusu böyük peşəkarlıq və qətiyyət nümayiş etdirərək Laçın şəhərinə daxil oldu. Həmin gün şəhərin ən uca nöqtəsində üçrəngli bayrağımızın dalğalandığı an Laçının bütövlükdə və əbədi olaraq öz doğma sahibinə qayıtdığının dünyaya rəsmi elanı idi.
Beləliklə, avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.
Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən İkinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçının işğaldan azad edilməsini Azərbaycanın hərbi və diplomatik qələbəsidir.
Digər işğaldan azad olunmuş ərazilər kimi, Laçına da həyat qayıtmaqdır. Artıq yüzlərlə məcburi köçkün ailəsi Laçın şəhəri və rayonun kəndlərinə köçürülüb. Dövlət başçı İlham Əliyev 10-dan çox Laçına səfər edib və bu çərçivədə müxtəlif açılışlarda iştirakı baş tutub.

Laçın, həmçinin Azərbaycanın hava qapılarından biridir. Belə ki, ötən ilin 28 mayında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
Laçında Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi, tikiş və ayaqqabı fabrikləri, "Laçın" İstirahət Kompleksi, "Hoçazfilm" kinostudiyası istifadəyə verilib, ötən il isə Laçın kanat yolunun təməli qoyulub.