Laçının işğalına 2 gün qalır.
Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, jurnalist Çingiz Mustafayev lentə alınmış görüntülərdə deyir ki, bu gün ayın 16-sı, saat 1-dir. Laçında bir nəfər də qalmayıb. Halbuki, Laçına nə bir top, nə bir filan düşməyib.
“Bu gün ayın 16-sı, Bakı şəhəri. 22 ildir ki, həm Çingizsizik, həm də Laçınsız. Çingizi birdəfəlik itirmişik, onu getdiyi yoldan geri qaytarmaq mümkün deyil, amma Laçını birdəfəlik itirməmişik, onu geri qaytara bilərik. Laçının onu atan, satan bizləri bağışlayıb-bağışlamayacağından asılı olmayaraq”.
Şuşanın işğalından sonra Turşsuda cəmləşən hərbi qüvvələr, hansı ki, onlar Şuşanı düşməndən geri almağa iddialı idilər, bax o qüvvələr mayın 15-dən 16-na keçən gecə rayonun 700-800 metrliyində olan yüksəklikləri tərk edərək Laçın-Ağanus yoluna çıxır və üzü Qubadlıya tərəf dayanırlar.
Tanklar, qrad qurğuları, BMP, BTR, müxtəlif kalibrli toplar və canlı qüvvəni daşımaq üçün nəzərdə tutulan bu maşınlar döyüş üçün hazırlıq vəziyyətinə gətirilmir. Onları bura yığmaqda məqsəd Laçını döyüşsüz təslim etmək idi.
Laçın alayının komandir müavini Şakir Sadıqovun bildirdiyinə görə, deyiblər ki, gündüz getsək, görərlər. Bizim postdan görüb xəbər vermişdilər ki, ordu qaçır. Biz də qabağını saxladıq.
Qaçanları qaytarmağa çalışan təkcə Şakir Sadıqov, döyüşçü Mübariz deyil. Həm də Çingiz Mustafayevdir.
Bu tarixi kadrlar düz 22 il əvvələ güzgü tutur. İndi bizə müsahibə verən Şakir Sadıqov qocalıb, Mübariz qardaşımız itkin düşüb, Çingiz haqqın dərgahındadır. Onun çəkdiyi kadrlar isə ANS-in arxivindədir. Onlar necə varsa, o cür də qalıblar.
Tağım komandiri İsabalı Əsgərovun qeyd etdiyinə görə, qaçanlar deyirdilər ki, bizi Bakıdan çağırıblar. Nakişiliklərini etiraf edirdilər. Ayın 16-da onlar Laçından çıxdılar. 5-10 nəfər vətənpərvər qaldı, qalan texnika tamamilə çıxdı. Bütün bunlar kadrlarda var.
Qarabağ müharibəsini lentə alan jurnalist Vahid Mustafayev deyir ki, laçınlılar vuruşurdu. Könüllü batalyonlar şücaət göstərirdilər. Amma milli ordu, formalaşmış hesab olunan milil ordu, kiminsə sözünə görə öz pozisiyalarını tərk edib Bakıya istiqamətlənmişdilər.
Orduya qaçmaq əmrini kim vermişdi? İşğaldan 10-15 gün əvvəl Laçın alayını ləğv etmək hansı məqsədi daşıyırdı? Laçının köhnə poçt deyilən ərazisində cərəyan edən hadisələri 777 saylı hərbi hissənin komandiri Elçin Məmmədov niyə soyuqqanlılıqla seyr edir?
Bəs Çingizi ağlamağa vadar edən səbəb nədir? Laçının ancaq bir qrup döyüşçünün ümidinə qalmasımı? Hansı ki, onlar da başını itiriblər. İki gün sonra Laçını da itirəcəklər. İki gün sonra...