Bu gün Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə "Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisinə mediatur təşkil olunub.
Oxu.Az xəbər verir ki, jurnalistlər Bədöyün məscidini, Hacı Gəray bulağını və "Lahıc" Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər.
Səfər zamanı media nümayəndələri misgər Kəbləmi Əliyevin emalatxanasına baş çəkib, misgərlik məmulatlarının hazırlanması prosesi ilə tanış olublar.
"Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Nəzər Əliyev doqquz ay ərzində qoruq ərazisini 120 mindən çox turistin ziyarət etdiyini, onların 26 min nəfərinin xarici vətəndaş olduğunu bildirib.
"Turistlər əsasən Avstraliyadan, İsraildən, Rusiyadan və ərəb ölkələrindən gəlirlər. Hazırda Mərkəzi Asiya ölkələrindən - Qazaxıstan və Özbəkistandan gələnlərin də sayı artıb", - deyə N.Əliyev bildirib.
Bildirilib ki, 2015-ci ildə "Lahıc misgərlik sənəti" UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Mediatur iştirakçıları, həmçinin Lahıc sakini Ağadadaş Abbasovun arıçılıq təsərrüfatına baş çəkiblər. O, balın hazırlanması, məhsulun çeşidləri, keyfiyyəti və satış qiymətləri barədə məlumat verib.
Səfər müddətində jurnalistlərin sualları cavablandırılıb.