Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun xarici donorların ayırdığı maliyyə vəsaitini hansı yolla qəbul etdiyi məlum olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Sülh və Demokratiya İnstitutunun (SDİ) qeydiyyatdan keçməməsi səbəbindən “Transparency İnternational” təşkilatının Azərbaycandakı milli bölməsi olan “Şəffaflıq Azərbaycan” İctimai Birliyi (İB) SDİ-nin tərəfdaşı kimi çıxış edib və xarici donorların L. Yunus üçün ayırdığı vəsaitin bir hissəsi müxtəlif vaxtlarda “Şəffaflıq Azərbaycan” İB-nin hesabına köçürülüb.
L.Yunus isə sonradan həmin vəsaiti nağdlaşdırıb.
Qeyd edək ki, bu gün Milli Məclisin iclasında da “Şəffaflıq Azərbaycan” İB-nin fəaliyyəti müzakirə olunub. Cari məsələlərin müzakirəsi zamanı çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Şəffaflıq Azərbaycan” İB-nin boykot edilməsi təklifi ilə çıxış edib.
O bildirib ki, bu günlərdə Leyla Yunusun 100 minlərlə manat vəsaiti nağdlaşdırmasında “Şəffaflıq Azərbaycan” İB-nin icraçı direktoru Rəna Səfərəliyevanın özü də iştirak edib: “Hesab edirəm ki, təşkilatın baş ofisi Azərbaycanda fəaliyyətini dayandırmalı və Azərbaycan parlamentinin nümayəndələri də onların tədbirlərində iştirak etməməlidir”.
Rəna Səfərəliyeva isə APA-ya açıqlamasında bu iddia ilə razılaşmayaraq, 100 minlərlə manat vəsaitin nağdlaşdırılması prosesində iştirak etmədiyini bildirib.