Leyla Yunusun Bakı aeroportunda saxlanılması, Baş Prokurorluqda dindirilməsi, evində axtarış və bu hadisə ilə bağlı bütün xəbərlər yalnız Azərbaycan deyil, eləcə də Ermənistan KİV-nin əsas mövzusuna çevrilib. Erməni KİV “Azərbaycanda repressiyaların” qurbanı olan azərbaycanlı hüquq mühafizəçisinin müdafiəsinə əməlli-başlı kampaniyaya başlayıblar.
Oxu.Az Haqqın.az-a istinadən xəbər verir ki, “Novosti Armenii”, Panarmenian, Panorama, “Erkramas” qəzeti və Epress.am və digər erməni KİV-nin aparıcı nəşrlərində Leyla Yunusa qarşı “repressiya” barədə yazılar dərc edilir.
KİV hüquq mühafizəçisini azərbaycanlılar və ermənilər arasında körpü yaratmağa çalışan, Azərbaycanda düşmən-erməni obrazı ilə mübarizə aparan bir adam kimi təqdim edirlər. Çoxsaylı məqalə və müsahibələrdə erməni ekspertləri Leyla Yunusun Azərbaycan hakimiyyətinin militarist düşüncələrinin qurbanı olduğunu deyirlər.
Nəşr həmçinin Leyla Yunus və yazıçı Əkrəm Əylisli arasında paralellər çəkərək, onların hər iksinin “vətəndaş mövqeləri üzündən əziyyət çəkdiklərini” qeyd edirlər.