"İmtahanların çətinlik səviyyəsində kəskin dəyişiklik yoxdur və bütün göstəricilər statistik norma çərçivəsindədir".
Oxu.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Trend" Beynəlxalq İnformasiya Agentliyi və Baku TV kanalına birgə müsahibəsində bildirib.
Məleykə Abbaszadənin sözlərinə görə, imtahanlardan sonra sosial şəbəkələrdə yayılan narazılıqlar hər il rast gəlinən emosional reaksiyalardır. O, imtahan proqramı və test modelləri ilə bağlı hər hansı yeniliyin ictimaiyyətə hər zaman vaxtında açıqlandığını vurğulayıb.
DİM sədri qeyd edib ki, test modelləri ekspertlər tərəfindən təhlil edildikdən sonra Təhsil Nazirliyinə təqdim olunur.
İdarə Heyətinin sədri bildirib ki, imtahanlarda əsas hədəf yaddaşın deyil, "oxuyub-anlama" bacarığının yoxlanılmasıdır. Onun sözlərinə görə, müasir şagirdlərin məlumatı qısa şəkildə qavramağa meyilli olması fonunda, tədris prosesində oxuyub-anlama vərdişlərinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.