Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Mənim kimi adamlar daim təkliyə məhkumdur” - Əlisa Nicatla MÜSAHİBƏ
“Güney Azərbaycanda qiyam qaldıran, küçələrə axışan, gülləbaran edilən xalqa niyə heç yerdən dəstək gəlmir? Qırılırlar, bir nəfər maraqlanmır. Bir erməninin burnu qanayanda bütün dünya ayağa qalxır. Bunun səbəbi var: azərbaycanlılar digər ölkələrin həyatında əhəmiyyət daşımır. Çünki onların təşkilatları, idarələri, qəzetləri, jurnalları, birlikləri, siyasi həyatda iştirakı yoxdur, ancaq pul qazanıb yeməklə məşğuldular, bundan artıq heç nə bilmirlər”.
Bu sözləri Oxu.Az-a müsahibəsində tanınmış tarixçi, filosof və ədəbiyyatçı Əlisa Nicat deyib.
Müsahibəni təqdim edirik:
- Əlisa müəllim, necəsiniz?
- Taleyimdən razıyam, nə olsun ki, indi bir az borcum var? Düzdü, ət alıram, nisyə alıram, amma əlimə pul gələndə də borcumu ödəyirəm. Reallıq budur ki, hazırda ehtiyac içində yaşayırıq. 130 manat işıq pulu borcumuz var, gəlmişdilər ki, kəssinlər. Axır dözməyib dedim: “İnsafınız olsun, adam olun, gec-tez verəcəyəm”, ondan sonra dayandılar, 80 manat da su pulu borcum var. Nə etmək olar? Əlimə düşəndə onları da verəcəyəm. Səhhətimdə isə elə bir problem yoxdur, bir az ürəyimlə, gözümdə problem var, onlar da yaşlanmağın nəticəsidir. 87 yaşım var, atam 100 il, əmim 117 il yaşayıb, yəni bizim nəsil uzunömürlüdür.
- Dünəndən sosial şəbəkələrdə fotonuzu paylaşıb haqqınızda layiq olduğunuz gözəl sözləri yazırlar. Bu reaksiyanı gözləyirdinizmi?
- Bilirsiniz, mənim kimi adamlar dünyada daim təkliyə məhkumdur. Nitsşe ən yaxşı kitabı olan “Zərdüşt belə deyirdi” çapdan çıxanda 100 nəfər üçün hədiyyə kitab ayırır. Amma sonra iş elə gətirir ki, həmin kitablardan sadəcə dördünü hədiyyə edir. Çünki heç kim onunla maraqlanmır. Görün, necə tənha olub. Onun həyatından hekayə yazmışam. O, İsveçrədə yaşayanda tez-tez tək gəzərmiş. Bir gün gəzir və havanın qaraldığının fərqinə varmır, harada olduğunu unudur, gözləri zəif gördüyü üçün narahatlıq keçirir. Amma birdən bir əl onun əlindən tutub evinə aparır. Həmin o əl Allahın əli olub. Allah Nitsşeni xilas edib.
- Filosoflar, fiziklər, adətən, Allahın varlığına inanmır, deyəsən, siz inanırsınız...
- Mən uzun illər Allahın varlığı barədə düşünmüşəm. Çünki onun varlığını ağlıma heç cür sığışdıra bilmirdim. Ona görə də çox oxudum, bir müddət əvvəl astrofiziklər, bioloqlar qərara gəliblər ki, Allah var. Onların izahlarını oxudum və bu, məni qane etdi. Elmə inanmayıb kimə inanacağam?! Ondan sonra Allaha inandım. Hətta Allahın insanı necə yaratmasından, nə cür planlar qurmasından söz açdığım əsər də var. Allah canlı yaratmaq barədə çox düşünüb, çünki cansız varlıqlardan bezib. Ağlına gəlib ki, onlardan fərqlənən bir şey yaratmalıdır. Onda isə artıq canlı varlıq yaratmaq qərarına gəlib və ilk canlı hüceyrəni yaradıb. Romanım bu haqdadır, üçdə bir hissəsini yazmışam, insanın yaranma yoluna qədər çatdım, amma sonrasını tamamlaya bilmədim. Çünki işdən çıxmalı oldum.
- Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz, qələminiz kifayət qədər tanınır. Amma bu gün maddi problem yaşayırsınız. AYB-yə və ya dövlətə dəstək üçün heç müraciət etmisinizmi?
- Mən ağlayacaq, fəryad edəcək adam deyiləm, heç vaxt elə biri olmamışam. Üç dəfə Prezident Administrasiyasına məktub yazmışam. İlk dəfə təxminən altı il əvvəl Fatma Abdullazadə Humanitar siyasət məsələləri şöbəsinin müdiri olan vaxt müraciət etmişəm. Məktublarım birbaşa ona gedirdi. Həmin vaxt o, məktublardan birini Yazıçılar Birliyinin sədri Anar Rzayevə göndərib haqqımda maraqlanmışdı. Baxmayaraq ki, münasibətimiz yoxdur, aramız isti deyil, Anar ona cavab yazmışdı ki, Azərbaycan Yazıçılar Birliyi Əlisa Nicatın Prezident təqaüdü almasına etiraz eləmir. Hətta Anar onun bir nüsxəsini mənə də göndərmişdi. Ola bilməz ki, Anar mənə səhv sənəd göndərsin.
- Siz Anar Rzayev, Ramiz Rövşən və Elçin Əfəndiyevlə eyni dövrün yazıçısısınız. Sizcə, aranızdakı fərq nədir ki, bu gün maddi çətinliklə üzləşmisiniz?
- Əzizim, mən acından ölsəm də, tərif yaza bilmərəm, layiq bilmədiyim şəxsə tərif demərəm. Azərbaycan Yazıçılar Birliyində də gərək ancaq Anara tərif deyəsən. Ramiz Rövşən o vaxt “Anar böyük yazıçıdır”, - dedi. O dəqiqə onu təltif elədi, xalq şairi adı verildi. İndi mən də dəstək görmək üçün “Anar böyük yazıçıdır”, - deməliyəm. Amma ortada bir Zaurdur (Beşmərtəbəli evin altıncı mərtəbəsi). Anarın külliyyatı beş cild çıxıb, mənimki neçə cilddir? Niyə tərif deməliyəm?
Bu gün 50-55 cildlik külliyyatım hazırdır, amma onun sadəcə 29-u çıxıb. Asiya qitəsində ilk adamam ki, bədii, tarixi, elmi, fəlsəfi əsərlərdən ibarət külliyyatım var. İki dəfə haqqımda kitab çap ediblər, tanımadığım adamlardır, utanıram da deməyə, hamısı haqqımda “dahi adamdır” ifadəsini işlədib. Bu ifadə isə çoxunun acığına gəlir.
- Anarın növbəti dəfə AYB-nin sədri seçilməsinə necə baxırsınız?
- Saxta qurultay təşkil etdilər, təzədən sədr seçdilər. Adam, sənin nəyinə lazımdır bu yaşda sədrlik? O gəlirdən əl çəkə bilmir, mümkün deyil, caynaqları ilə vəzifədən yapışıb. 82 yaşı var, bundan sonra Yazıçılar Birliyini nə edir?
- Ramiz Rövşənin xalq şairi adı almasına diqqət çəkdiniz. Xalq yazıçısı, xalq şairi statusları sizin üçün əhəmiyyət kəsb edir?
- Xeyr, mən onsuz da xalqın yazıçısı deyiləm, min nəfərin yazıçısıyam. Qalanların mənə aidiyyəti yoxdur, mən onlar üçün, onlar da mənim üçün heç nə ifadə etmir. İntellektli hesab etdiyim adamlara yazıram.
- Deməli, o min nəfər üçün vaxtilə evinizi satıb kitab çap etdirmisiniz?
- Bəli, bir otaq evim vardı. 1974-1975-ci illərdə fəaliyyətimə görə Azərbaycan Yazıçılar İttifaqının katibi İmran Qasımov vermişdi. İsaq İbrahimov adlı bir yazıçı vardı, onunla bir yerdə çörək yemişik, evi mənim üçün o xahiş etmişdi. Çünki ev-eşiyim yox idi, onu verəndən sonra evləndim. 1983-cü ilə kimi Bakıda yaşadım, sonra Lerikə köçüb bir ev tikdim, orada yaşadım. Onda romanlarım çıxırdı, qonorar da yaxşı idi. Sonra gəldim Bakıya və Yazıçılar İttifaqının verdiyi bir otağı üç min dollara satdım. “Dünya filosofları” adlı kitabın nəşrinə həmin pul çatmadı. Üstünü düzəldib min nüsxə çıxardıq. O kitabım yaxşı qiymətə satılırdı. Çünki o vaxt kitab oxunurdu. İndi isə oxuyan yoxdur, çünki kitab başdan sona fəlsəfədir, insanlar bununla maraqlanmırlar.
Hazırda əsərlərimin çap olunmasına heç bir əngəl yoxdur, yeganə əngəl vəsaitin olmamasıdır. İndi qonorar da yoxdur, 100 kitabım çıxır, yarısını abunəylə satıram, yarısını da mağazaya satışa verirəm, 400-500 manat pul qalır. Təkrar çap etdirməyə maddi imkanım çatmır. Mən “Fürsət strategiyası”nı da yazmışam, arif adam fürsəti dəyərləndirər, hərçənd mən, deyəsən, dəyərləndirə bilməmişəm (gülür).
- Ümumiyyətlə, heç yazdıqlarınızı öz həyatınızda tətbiq etmisiniz?
- “Məhəbbətin ilk günü”nü yazmışam və orada mənim məhəbbətimlə oxşarlıq var. Mənim üç məhəbbətim olub. İlkinin adı Şərqiyə idi, 15-16 yaşında sevmişəm onu, saf sevgim idi. Amma ona heç vaxt sevdiyimi deməmişəm, sadəcə hiss edib. Lənkəran bilirdi ki, mən onu sevirəm. Digər iki xanım isə Bakıda olub, birinin adı Nüşabə idi, Bakının ən gözəl qızı idi. Musiqi məktəbində oxuyurdu, həmişə onu evlərinə qədər ötürürdüm. Amma atası polkovnik idi, mənim isə nə işim, nə evim vardı, Sovetskidə kirayə yaşayırdım. Ona görə o da alınmadı.
- Şahbaz Xuduoğlunun sizin fotonuzu paylaşdığı postda “Qızılbaşlar” əsəriniz haqqında xeyli rəy yazılmışdı.
- “Qızılbaşlar” hələ mənim ən sadə əsərimdir. “Sasanilərin sonu” romanını yazmışam. Orada Sasani imperatorlarının sonunun necə olduğundan danışmışam. Əsər başdan sona dəqiq tarixdir. Rəsul Rza 15 il “Qızılbaşlar” romanımın çap olunmasına imkan verməyib. 10 il də məni işsiz qoyub. Çox sadə bir şeyin üstündə mənimlə ədavət saxlayıb. Məndən “asetrin” (nərə balığı - red.) istəmişdi. Mən də ciddi qəbul etməyib gətirməmişdim. Ona görə də heç yerdə irəli getməyimə imkan verməmişdi. İndi buradan səslənirəm: “Ey Rəsul Rzanın ruhu, səndə günah görmürəm, günah məndədir”.
- Şahbaz Xuduoğlu ilə münasibətiniz necədir?
- Şahbaz Xuduoğlu sağ olsun, onunla əməkdaşlıq edirəm. O mənə tərcümə edilməli olan əsərləri göndərir, təzəlikcə “Qanunların hökmü” əsərini tərcümə elədim, hər səhifəyə 5 manat pul alıram və 40 səhifə tərcümə edirəm, çünki gözüm görmür. 200 manat oradan alıram, 260 manat da pensiya. Oğlum da korrektordur, 50-60 manat pul alır. Elə 200 manat qaz, işıq, su xərclərimizdir. Oğlumun da ailəsi var, bu pul, təbii ki, ailəmizə çatmır.
- Son olaraq hazırkı istəklərinizi səsləndirməyinizi istəyərdik.
- Heç bir arzum-istəyim yoxdur. Normal dolanım, borclarım olmasın, övladım yaxşı yaşasın, bir də 50 cildlik külliyyat tam nəşr olunsun, başqa heç nə lazım deyil. Dünyanın bütün müharibələrini yazmışam. Onlar işıq üzü görsün.
Daha çox şəkil burada: PhotoStock.az
Sayad Həsənli
Rəylər