Son günlər ən çox müzakirə olunan ekran işlərindən biri də "Mikrorayon" serialıdır. Cəmi 12 bölümdən ibarət layihə final etsə də, obrazları, yekun səhnəsi və verdiyi mesajlarla tamaşaçıların gündəmindən düşmür.
Serialda "Azik" obrazını canlandıran Orxan İskəndərli Oxu.Az-a müsahibəsində layihə, reallaşdırdığı obraz və serial ilə bağlı fikirlərini bölüşüb.
Həmin müsahibənin tam mətnini yazılı formada təqdim edirik.
O, müsahibəsində serialın niyə bu qədər sevildiyinə dair suala belə cavab verib:
- Düşünürəm ki, burada bir çox faktorlar var. Birincisi və əsası səmimiyyətdir. Həm çəkiliş heyətimizin işə səmimi və sevgi ilə yanaşması, həm mövzunun özünün səmimi olması, həm də aktyorların səmimi oyunu bu nəticəni ortaya qoydu. Burada həm niyyət yaxşı olub, həm də əmək. Eyni zamanda prodüser faktoru var; rejissor, ssenarist, aktyorlar, texniki heyət, operator - hamısının burada böyük rolu var. Böyük bir kollektiv birləşib sevgi, yaxşı niyyət ilə bir iş ortaya qoyub. Ona görə də düşünürəm ki, layihə bu qədər uğurlu alındı.

- Bəs "Azik" obrazı ümumiyyətlə necə yarandı, necə ərsəyə gəldi? Çünki biz filmdə onun ailə həyatı, yaşantıları, keçdiyi dövrlərlə bağlı geniş məlumata rast gəlmirik.
- Əslində, yalnız bir yerdə qısaca qeyd edilir ki, atası anasını öldürüb. Keçmişi barədə belə bir məlumat var. Amma mən düşünürəm ki, bu serial çərçivəsində əgər belə təqdim olunubsa, elə bu cür qalması daha yaxşıdır. Bəlkə gələcəkdə bu barədə daha çox məlumat alarıq.
- Bəs "Azik" niyə sizcə o yolu seçir? Sizin öz fikirləriniz maraqlıdır bu barədə.
- Həyatda hərə bir cür böyüyür, o da belə böyüyüb. Biz oradan da başa düşürük ki, həyatı çətin olub - bir cümlə ilə olsa belə bunu anlayırıq. O da bəlkə də "Adilin" davam edən versiyasıdır.
- Canlandırdığınız obrazda dostlarına qarşı mərhəmətli birini görürük. Yəni serial bizdə bu təəssüratı yaradır. "Azik" hər zaman deyir ki, xəyanəti əsla bağışlamır, amma onun ən çox güvəndiyi dostları ona xəyanət edir. "Kazım" da ona xəyanət edir, "Adil" də. "Kazım"ı bağışlamır, amma "Adil"i bir növ bağışlayır - hansı ki, ona qəbir qazdırır, onu öldürəcəyini təsvir edir, amma sonda qətlə yetirmir, onun yerinə Kazımı vurur. "Azik" "Adil"i niyə bağışlayır? Burada məqsəd nə idi?

- Ümumiyyətlə, "Kazım"ın elədiyi ilə "Adil"in hərəkətini məncə bir tərəziyə qoymaq olmaz. "Kazım" onun illərlə güvəndiyi bir dostudur, yəni illərlə bir yerdə fəaliyyət göstəriblər. "Kazım"ın elədiyinin ona təsiri ilə "Adil"in davranışının təsiri tamamilə fərqlidir. Burada "Adil"lə bağlı məqamda bir çox şeyi tamaşaçıların öhdəsinə buraxmaq istəyirəm. Amma məsələn, variantlar deyə bilərəm. Bir variant ola bilər ki, - demirəm mütləq belədir- o, bəlkə də bunu belə cəzalandırmaq istəyir. Bəzən "öldürə bilərəm, amma öldürmürəm" demək, öldürməmək öldürməkdən daha ağır bir cəzadır.
- Bəs düşünmürdü ki, "Adil" onun sonunu gətirə bilər? Çünki sonda "Azik" həbsə düşdü.
- "Azik"də burada bir az mərhəmət hissi də rol oynayır və digər tərəfdən o, hər şeyi gözəl anlayırdı.
- Ən sonda "Azik"in bir gülüşü var. Bəziləri düşünür ki, bu, "Azik"ə yaraşan bir gülüş tərzidir, bəziləri də deyir ki, bu, simvolikdir. Ümumiyyətlə, "Azik"in "Adil"ə baxıb gülməsi nə anlam daşıyırdı?
- Əslində, mən o "yaraşmır" rəylərə rast gəlməmişəm, əsasən yaxşı rəylər görmüşəm. Düşünürəm ki, ümumiyyətlə, bu yaradıcı proses elə bir məsələdir ki, burada təkcə heyət - aktyorlar, rejissor, operator, prodüser - iştirak eləmir. Tamaşaçı da bu yaradıcı prosesin bir hissəsidir və serialın bitməsinə baxmayaraq, bu müzakirələr davam edir. Çünki hərə öz təcrübəsi, keçmişi, xatirələri və ya yaşadıqları ilə serialda gördüklərini birləşdirir və ortaya bir nəticə çıxarır. Hər bir insanda da bu, fərqli olur. Ona görə də mən indi desəm ki, bu gülüş nə üçündür, həmin yaradıcı prosesə mane olmuş olaram. Öz fikrimi ortaya qoymaqla digər insanların bu prosesdə iştirakına, özünü ifadə eləməsinə mane olaram. Bu, tamaşaçının sərhədini pozmaq deməkdir və mənim üçün etik deyil. Gülmək barədə isə bircə onu deyə bilərəm ki, ssenaridə belə deyildi.
- Bədahətən alındı o gülüş?
- Ssenaridə sadəcə belə idi ki, baxır və gülümsəyir.
- Adətən, "Adil" kimi obrazlar sözübütöv insan kimi təqdim olunur. Maraqlıdır ki, filmdə də "Adil" əvvəldə sözübütöv görünür, lakin sona doğru "Azik"i polisə təslim edir. Sizcə, "Adil"in "Azik"i polisə təslim eləməsinin səbəbi nə idi? O, "Kazım"ı qəbirdə yanında gördü deyə qorxdu, yoxsa sonunun pis olacağını düşünərək bu addımı atdı?
- Mən buna qorxu deməzdim. Bu, daha çox yaşamaq instinktidir. Bəzən şərhlərə də baxıram, "Adil"i satqın kimi qınayırlar - sadəcə bir tamaşaçı kimi deyirəm. Amma təsəvvür edin ki, 17 yaşınız var və sizə yağışlı havada qəbir qazdırırlar. Həmin gün çox güclü yağış yağırdı, bəlkə baxanda heç bilinmir, amma çox güclü idi. Öz qəbirini qazdırırlar, səni oraya uzadırlar və qulağının yanından güllə keçirirlər. 17 yaşında bir uşaq üçün bu, böyük xətalardır. Sonra ayılırsan ki, üstündə bir nəfərin də meyiti var. Təsəvvür edin, bu insan nə haldadır. "Azik" orada "Adil"ə sonunun necə ola biləcəyini göstərdi, amma onu bağışladı. Bu, əslində bəs eləyə bilərdi ki, o qorxsun və artıq heç kəsə şikayət eləməsin. Amma yaşamaq instinkti, 17 yaşının olması faktoru və ölüm qorxusu - bunlar hamısı bir araya gələndə belə bir nəticəyə gəlib çıxır və qanun çərçivəsində öz düzgün bildiyi şeyi həyata keçirir. Çünki orada təkcə "Adil"in özü deyil, onun ailəsi də var. İkinci bölümdə "Azik" "Adil"in anası və qardaşı haqqında deyir ki, səninlə o vaxt çıxanları tanıyıram. O da bir mesaj idi. Bilmirəm diqqətli tamaşaçılar başa düşdülər ya yox, amma "Azik" orada onu boşuna deməmişdi. O, bir növ ailəsini də qoruyur, elə deyilmi?
- "Adil"in "Azik"lə son səhnəsi var: "Adil" maşında, "Azik" isə polislər tərəfindən tutulur. "Adil"in "Azik"lə o son səhnədə bir yerdə təsvir olunması məqsədli idi, yoxsa düşünülmürdü ki, "Adil"in də həyatı bu addımla təhlükəyə girə bilər?
- Bu, daha çox kinematik bir addımdır. Mövzu belə davam eləməli idi, ona görə belə bir gediş olub. Mən buna kinematik gediş deyərdim.
- Tamaşaçıların çoxu finalın bir az tələsik ərsəyə gəldiyini söyləyirlər. "Sabir"in "Adil"i öldürməsini də haqsızlıq və onun xəyanəti kimi qiymətləndirdilər. O, niyə gözlədi, gözlədi və ən sonda bu cür bir reaksiya verdi? Yəni "Sabir"in bu reaksiyanı verməsi gözlənilən idi, yoxsa necə?
- Mənim üçün gözlənilən idi, çünki ssenarini oxumuşdum. Amma belə baxanda, 12 bölüm əgər ard-arda izlənilsə, biz hansı amilin "Sabir"i bura gətirdiyini görərik. Çox adam serialı həftə-həftə, fasilələrlə izlədiyi üçün əvvəlki səhnələrdə "Sabir"ə çox da diqqət yetirməyib. Amma onu bura gətirən bir xətt və sonda da bir nəticə var. Yekunda artıq o, boğaza yığılır və partlayış baş verir. Bilmirəm, kimin üçün gözlənilən idi, kimin üçün gözlənilməz, amma gözlənilməz olması da məncə, yaxşı təsir bağışlayır. Bu da ekran işi üçün yaxşı addımdır.
- Sizin özünüzün finalı dəyişmək imkanınız olsaydı, nəyi etmək istəyərdiniz?
- Mən daha çox həyatı olduğu kimi qəbul eləmək istəyirəm. Yəni belə olubsa, demək belə də olmalı idi.
- Yəni heç nəyi dəyişmək istəməzdiniz?
- Yox, artıq olub-keçib, mənası yoxdur. Məncə dəyişməzdim.
- "Azik"in səhvi nədə idi?
- Ölünün dalınca danışmazlar. (gülür - red.) Onun həyatının belə sonlanmasını düşünsək, bunun üçün etdiyi ən böyük səhv nə oldu? Düşünürəm ki, insanlara həddindən artıq güvənməyi və mərhəməti.

- Serial hansı mesajı ötürmək istəyirdi və bu, nə dərəcədə uğurlu oldu?
- Serialın əsas ötürmək istədiyi mesaj o idi ki, kriminal aləmi romantikləşdirən insanlar, xüsusilə də gənclər və azyaşlılar var. Bu həyatın heç də romantik olmadığını göstərmək istəyirdik və məncə, bunu göstərə bildik. Düşünürəm ki, gənclərimiz bundan özlərinə dərs çıxaracaqlar.
- Əksər seriallarda qabarıq sevgi xəttini görürük. Biz burada bir növ "Adil"in ətrafında kiçik bir sevgi xətti görürük, amma ümumilikdə serialda bu yoxdur. Sizcə, "qara dünyada" sevgi olurmu?
- "Qara dünyada" sevgi də qara olur.
- "Mikrorayon"un ikinci mövsümü və ya spin-offu çəkilsə, "Azik"i necə canlandırmaq istəyərdiniz?
- Düşünürəm ki, xarakter olaraq bu cür qalması yaxşıdır. Çünki artıq bitmiş bir fikir var və xarakter formalaşıb, onu dəyişmək istəməzdim. Sadəcə, hadisələr başqa cür cərəyan etməlidir. Spin-off olsa, bəlkə "Azik"in keçmişi barədə olar, ya da bu hekayə bir şəkildə davam etməlidir.