Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 67 ünvanında yerləşən 17 mərtəbəli binanın sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək mənzillərinə çıxarış ala bilmədiklərini bildiriblər.
Sakinlərin sözlərinə görə, onlar uzun müddətdir bu binada yaşasalar da, mənzillərinə dair mülkiyyət sənədləri hələ də verilməyib.
"Bizim yeganə problemimiz çıxarış ala bilməməyimizdir. Sənəd olmadığı üçün mənzillərə qeydiyyata düşmək mümkün deyil. Evi sığortalamaq üçün də sənəd tələb olunur. Hətta qeydiyyatımız olmadığı üçün yaşadığımız ərazi üzrə səsvermə hüququndan belə istifadə edə bilmirik", - deyə sakinlərdən biri bildirib.
"İstəyirik ki, mülkiyyət hüququmuz təmin olunsun və sakinlərə çıxarış verilsin. Belə olan halda biz də evimizə qeydiyyata düşə bilərik. Övladlarımızı məktəbə yerləşdirərkən Xırdalan şəhərində qeydiyyatda olmağımız tələb olunur", - başqa bir sakin qeyd edib.