Sumqayıtda sertifikatsız həkim işlədən klinika cərimələnib. Eyni zamanda həkim haqqında da tədbir görülüb.
Oxu.Az Xəzər TV-yə istinadla xəbər verir ki, söhbət şəhər ərazisində yerləşən "Cahangir-2020 Lor Center" MMC-dən gedir.
Məlumata görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Tibbi nəzarət şöbəsi MMC-də yoxlama aparıb. Özəl tibb müəssisəsində keçirilən plandan kənar yoxlama zamanı həkim Nurlan Bəylərovun sertifikatsız praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb.
"Cahangir-2020 Lor Center" MMC-dən bildirilib ki, özəl klinikanın bəlli sayda həkimi var. Nurlan Bəylərov 2021-ci ildə təhsilini bitirib və 2022-ci ildə diplom alıb. Həkimlər də məhz 5 ildən bir sertifikasiyaya cəlb olunmalıdır. Klinikada olan həkimlərin hamısı birlikdə sertifikasiyadan keçməyə göndərilib.
Lakin Səhiyyə Nazirliyindən bildirilib ki, Nurlan Bəylərov 2027-ci ildə sertifikasiyadan keçməlidir. Klinikadan əlavə edilib ki, anlaşılmazlıq olub, amma adıçəkilən həkim də baş verənlərə görə işdən uzaqlaşdırılıb.