"İkili diplom proqramlarının genişləndirilməsi nəzərdə tutulur. Bu istiqamətdə Oklahoma Universiteti, Türkiyə universitetləri və Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir. Bu, aqrar sahədə beynəlxalq standartlara uyğun kadr hazırlığına mühüm töhfə verəcək".
Oxu.Az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib.
O bildirib ki, peşə təhsili müəssisələrinin genişləndirilməsi istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən ölkə üzrə ciddi iş aparılır və bu da müsbət nəticələr verəcək:
"Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Universitetin nəzdində Aqrar Kollec artıq fəaliyyətə başlayıb və bu strukturun aqrar sahə üzrə kadr hazırlığında mühüm rol oynayacağına inanırıq".
"Hazırda Macarıstanın MATE Universiteti Azərbaycanda öz filialının açılmasında maraqlıdır. Bu istiqamətdə işlər aparılır. Eyni zamanda, ADA Universitetinin İtaliyanın Boloniya Universiteti ilə birgə başlatdığı proqram var. Azərbaycan-İtaliya Universitetinin tərkibində də artıq aqrar ixtisaslar üzrə tədris proqramlarına start verilib. Ümumilikdə, aqrar sahədə kadr ehtiyacının artacağı gözlənilir. Xüsusilə, heyvandarlıq sahəsində ixtisaslaşmış mütəxəssislərə ciddi ehtiyac var. Təəssüf ki, mövcud mütəxəssislərin bir hissəsi yaş etibarilə yüksək yaş qrupuna aiddir və orta yaşlı kadrların sayı nisbətən azdır. Son illərdə aqrar təhsilə marağın artması müşahidə olunsa da, amma eyni zamanda daim cəmiyyətdə maarifləndirmədə iştirak edərək bu sahənin marağı, gəliri, potensialı və gələcək perspektivləri barədə məlumatdrımağa çalışırıq.