Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzil və fərdi evlərlə təmin olunması proqramı çərçivəsində iyun ayında Tərtər rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilib.
Oxu.Az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin iyulun 13-də keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bildirib.
“Hazırda isə İmişli, Beyləqan, Şamaxı və Bakı şəhərlərində ümumilikdə 238 mənzili olan çoxmərtəbəli 4 yaşayış binası və 52 rayonda 375 fərdi evin inşası, eləcə də 165 mənzilin alınması işləri davam etdirilir”-deyə, S. Müslümov əlavə edib.
Bundan əlavə, nazirin sözlərinə görə, Bakı şəhərində gözdən əlillər üçün 132 mənzilli 12 mərtəbəli binanın tikintisi tamamlanmaq üzrədir.
“Əlilliyi olan şəxslərə il ərzində ümumilikdə 964 mənzilin və fərdi evin verilməsi təmin ediləcəkdir” - deyə, Müslümov çıxışı zamanı vurğulayıb.
Ülviyyə R. Əli
www.oxu.az