Aprelin 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Ağdam rayonunda inşa olunmuş 6 mərtəbəli 54 mənzilli yaşayış evi Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların istifadəsinə verilib.
Oxu.Az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, nazir Səlim Müslümov bildirib ki, indiyədək artıq 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub.
Ağdam rayonu ilə yanaşı, cari ildə Bərdə, Goranboy, Tərtər, Beyləqan, İmişli, Şamaxı rayonlarında da yeni çoxmənzilli yaşayış evləri nazirliyin saytında ictimaiyyətə açıqlanan növbəlilik əsasında əlil və şəhid ailələrinin istifadəsinə veriləcək.
“Respublika hökumətinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında möhtərəm prezidentimiz bəyan edib ki, müharibə veteranları, müharibə əlilləri, şəhid ailələri üçün daha da yaxşı şərait yaradılacaq” - deyə bildirən S.Müslümov bu sahədə ölkə rəhbəri tərəfindən müəyyən edilən vəzifələrin yüksək səviyyədə yerinə yetiriləcəyini vurğulayıb.
Gülnarə Zeynalova
www.oxu.az