Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti 8-11 fevral tarixlərində havanın təzadlı şəkildə dəyişəcəyini bildirib. Bakıda və Abşeron yarımadasında güclü küləyin olacağı ilə əlaqədar olaraq, “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə Oxu.Az-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, “Azərişıq” rəhbərliyi təcili iclas keçirib:
“Bununla əlaqədar “Azərişıq” rəhbərliyi və texniki departamentin əməkdaşlarının iştirakı ilə toplantı keçirilib və gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Toplantıda həmçinin, güclü küləyin və yağışların olacağı ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib”.
T.Mustafayev əlavə edib ki, “Azərişıq” rəhbərliyinin göstərişinə əsasən regionlarda növbətçilik yaradılıb: “Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı çağrı mərkəzi əməkdaşlarının sayının artırılmasına qərar verilib. Qurum istehlakçılara müraciət edərək bildirir ki, havaların küləkli-çovğunlu olduğu vaxtlarda yüksək gərginlikli hava xətlərinin olduğu yerlərdən keçməsinlər və qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.
Könül Cəfərli