Müdafiə Nazirliyinin İşlər İdarəsinin xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan sabiq rəisi - polkovnik Elnur Süleymanov və eyni idarədə işləmiş daha üç hərbçinin məhkəməsi başlayıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, cinayət işini Bakı Hərbi Məhkəməsinin sədri hakim Zeynal Ağayev araşdırır.
Bu iş üzrə polkovnik Süleymanovdan əlavə polkovnik-leytenant Emin Əliyev, Məsud İbrahimov və Pərviz Abdullayev də mühakimə edilirlər. Onların dördü də azadlıqdadır.
Media üçün qapalı keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.
Sabiq nazirlik işçiləri 1 milyon manatdan artıq dövlət vəsaitinin mənimsənilməsində təqsirləndirilirlər. Əməlləri sübuta yetirilsə, onları 14 ilə qədər həbs cəzası gözləyir.
Məhkəmə baxış iclası oktyabrın 2-nə təyin olunub.
Qeyd edək ki, hazırda ittiham olunan keçmiş idarə rəisi Elnur Süleymanov Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun xərcləri ilə bağlı məhkəməyə göndərdiyi hesabatla gündəmə gəlmişdi. O, hesabatında yazmışdı ki, N.Sadıkova 6 dəst armudu stəkanın alınması üçün 21 min manat pul xərclənib. Bundan əlavə, ona hər birinin qiyməti 100 manat olmaqla 80 çaxır alınıb ki, bu da ümumilikdə 8 min manat təşkil edib.