Finlandiyanın xüsusi polis bölməsi Baltik dənizində mülki gəmilərin ələ keçirilməsi ssenarilərini məşq edərək "Marsec EU26" təlimlərini həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Yle" teleradioşirkəti məlumat yayıb.
Təlimlər zamanı Finlandiya polis bölmələri və sərhədçiləri helikopterdən mülki gəmilərə enişi sınaqdan keçiriblər. Prosesi Avropanın hərbi ekspertləri və müdafiə idarələrinin nümayəndələri izləyiblər. Həmçinin bu manevrlərdə Polşa Sərhəd Xidməti və Fransa Hərbi Dəniz Qüvvələri də öz gəmiləri ilə iştirak edib.
"Yle" qeyd edir ki, Finlandiya "Marsec EU26" təlimlərinin zəruriliyini Baltik dənizində enerji kabellərinin zədələnməsi kimi insidentlərin təkrarının qarşısını almaq məqsədi ilə əsaslandırır.
Xatırladaq ki, 2024-cü il dekabrın 5-də Finlandiya və Estoniya arasında Fin körfəzinin dibi ilə uzanan "EstLink 2" enerji kabeli qəza vəziyyətində kəsilmişdi. Finlandiyanın polis və sərhəd xidməti Kuk adaları bayrağı altında üzən "Eagle S" neft tankerini kabelin zədələnməsində iştirakda şübhəli bilərək saxlamışdı. Sonradan "Postimees" qəzeti Estoniya şirkətlərinin ölkələr arasındakı üç kabelin zədələnməsi barədə xəbərdarlıq etdiyini yazmışdı. Martın 2-də isə Finlandiya rəsmiləri "Eagle S" tankeri üzərindən həbsi götürüb.