Bakıda “Sülh və demokratiya institutu” qeyri-hökumət təşkilatı ətrafında qalmaqal yaranıb, bunu Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazır.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, 30 aprel tarixində nəşrin saytında dərc edilmiş məqalədə qeyd edilənə görə, bu yaxınlarda Heydər Əliyev adına aeroportda adıçəkilən institutun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus ölkəni tərk edərkən saxlanılıblar.
“Yerli nəşrlərin verdiyi məlumata görə, istintaq orqanları Yunusların baqajında, sonra isə mənzillərində axtarış aparıblar və nəşr çapa hazırlandığı zaman Leyla Yunus Azərbaycan Respublikası Ağır Cinayətlər üzrə Baş prokurorluğunun istintaq idarəsində dindirilirdi.
Bununla yanaşı hüquq-mühafizə orqanlarından olan mənbənin bildirdiyi kimi Leyla Yunus vətənə xəyanətdə ittiham edilərək, bu yaxınlarda həbs edilən jurnalist Rauf Mirqədirovun işi üzrə şahid qismində dindirilmək üçün çağırılıb.
Aydın olub ki, Leyla Yunus dindirilməyə gələcəyinə söz verərək Fransa səfirliyinə müraciət edərək Avropa İttifaqı ölkələri ərazisində yaşamaq üçün beşillik şengen vizası alıb”, - nəşrdə yazılıb.
Məqalənin müəllifi qeyd edir ki, cütlük Bakı-Doxa-Paris reysi üzrə təyyarə bileti alıb və Azərbaycanı birdəfəlik tərk etməyi qərara alıblar.
“Şahidlərin sözlərinə görə, bu parodoksal hadisənin ən maraqlı məqamı Leyla və Arif Yunusun aeroporta Fransa səfirliyinin maşınında gəlmələri idi. Onları Fransanın səfiri və ABŞ-nı Azərbaycanda müvəqqəti səlahiyyətlisi müşayiət edirdi.
Qeyd etmək lazımdır ki, Leyla Yunus hüquq mühafizəçisi olana qədər Azərbaycan Sosial-demokrat partiyasının üzvü olub. Xalq Cəbhəsinin hakimiyyəti dövründə isə Müdafiə Nazirliyinin informasiya-analitik şöbəsinin rəhbəri olub. Məhz elə həmin dövrdə, o, silahlıları öz məişət problemlərini həll etmək üçün müxtəlif idarələrə göndərdiyinə görə qeyri-demokratik davranışı ilə yadda qaldı.
Hüquq mühafizəçisi kimi ona münasibət birtərəfli deyil. Əhalinin bir hissəsi onu cari hakimiyyətin tənqidçisi kimi qəbul edir və zaman-zaman tərtib etdiyi siyasi məhbuslar siyahısında terrorçuların, separatçıların, rüşvətxorların və bəzən isə hətta vətən xainlərinin də adı düşürdü.
Bu gün çox adam özünə: əgər hüquq mühafizəçisi qeyri-qanuni heç nə etməyibsə niyə ölkəni tərk etməyə çalışırdı? O, bu hərəkəti ilə Leyla Yunusun başçılıq etdiyi Sülh və demokratiya institutunun qrant layihələrinin iştirakçısı olan, jurnalist Rauf Mirqədirovu da zərbə altında qoyub”, - qəzet yazır.
“Nezavisimaya qazeta” xatırladır ki, bu yaxınlarda “Ayna-Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov Türkiyədən Azərbaycana deportasiya edilib və aeroportda həbs edilib.
“Bir gün sonra Azərbaycanın Baş Prokurorluğu rəsmi məlumat verib. Bu məlumatda “Azərbaycan Respublikasının vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycan Respublikasının dövlət müstəqilliyinə, təhlükəsizliyinə ərazi bütövlüyünə, müdafiə qabiliyyətinə zidd olaraq 2008-ci ilin aprel ayından başlayaraq Ermənistanın xüsusi xidmət orqanları tərəfindən gizli əməkdaşlığa cəlb edildiyi deyilir. O, dəfələrlə bu xidmət nümayəndələri ilə Ermənistan, Gürcüstan və Türkiyədə görüşüb, Azərbaycanın əleyhinə istifadə edilə bilinəcək ölkədə mövcud ictimai-siyasi, hərbi vəziyyət haqqında məlumatı, dövlət sirri olan informasiyanı foto və sxemlərlə bərabər onlara verib”. Bu faktla əlaqədar CM-nin “Vətənə xəyanət” maddəsi üzrə cinayət işi açılıb”.
Mirqədirov hələ ki, şübhəli şəxs qismində saxlanılıb, onun barəsində Nəsimi rayon məhkəməsində üç aylıq müddətə həbs cəzası tətbiq edilib.
Mirqədirovun həbsi jurnalist mühitində şoka səbəb olub. Bir çoxları Raufun vətənə xəyanət edə biləcəyini düşünmürlər.
Mirqədirova qarşı yürüdülən ittihamlar çox ciddidir. Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənovun sözlərinə görə, bizim dövrdə jurnalistin heç bir əsas olmadan həbs edilməsi real deyil.
“Rauf Mirqədirovun məsələsi üzrə araşdırma aparılır. İndi demək olmaz ki, onun günahı sübut olunub, bu, məhkəmənin səlahiyyətindədir. Məhkəmə qərarı olmadan heç kim cinayətkar elan edilə bilməz. Digər tərəfdən Rauf Mirqədirova qarşı ittiham irəli sürülüb, bu barədə Baş Prokurorluqda ərizə var. Araşdırmanın sonunu gözləmək lazımdır”, - Əli Həsənov APA-ya deyib.
“Leyla Yunusun davranışı maraq doğurur. Məhz onun Qərb tərəfindən səxavətli şəkildə ödənilən layihələri çərçivəsində o, 10 dəfə Ermənistana səfər edib. Əgər jurnalist Mirqədirov gizli informasiyanın daşıyıcısı ola bilməzdisə, bunu vaxtı ilə hərbi idarənin informasiya-analitik mərkəzinin rəhbəri olan ehtiyatda olan polkovnik Leyla Yunus haqqında demək olmaz. Dünən məlum olub ki, Leyla Yunus azad edilib”, - nəşrdə deyilir.